USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ müharibədən sonra Ukraynanın bərpası üçün xüsusi paket hazırlayacaq

04.05.2022 Siyasət
0 0
“Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik.”

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.

O bildirib ki, Ukraynaya qısa müddətli və uzun müddətli dəstək lazımdır. “İlkin olaraq, bu təcili yardımdır, yəni qısa müddət üçün nəzərdə tutulmuş iqtisadi dəstək… Və qeyd edim ki, Avropa İttifaqı bu istiqamətdə artıq bəzi işlər görüb: biz makromaliyyə yardım paketini təsdiqlədik, Ukrayna ixracına tətbiq olunan bütün rüsumları bir il müddətinə aradan qaldırdıq. Lakin bilirsiniz ki, bu kifayət deyil, təkcə bu il Ukraynanın Ümumi Daxili Məhsulunun 35-50 faiz azalacağı gözlənilir”.

Avropa Komissiyasının Prezidenti deyib ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Ukraynanın aylıq 5 milyard avroya ehtiyacı ola bilər. “Bu vəsait isə təkcə dövlətin ödənişləri, yəni sosial müavinətləri, əmək haqlarını ödəməsi üçün lazımdır. Biz bu məsələdə onlara dəstək verməliyik və aydındır ki, biz bunu təklikdə edə bilmərik, ona görə də ABŞ-ın Ukrayna büdcəsinə yardım paketini alqışlayırıq və biz də öz payımıza düşəni etməliyik”.

Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, müharibə nəticəsində Ukraynada xəstəxanalar, məktəblər və digər vacib mülki infrastruktur tamamilə dağıdılıb və onlar yenidən tikilməlidir.

“Bunun üçün yüz milyardlarla vəsait lazımdır və bu istiqamətdə də ölkəyə kömək etməliyik. Aİ-nin Ukrayna ilə bağlı xüsusi məsuliyyəti var.

Buna görə də bu gün mən ukraynalı dostlarımız üçün ambisiyalı bir bərpa paketi üzərində işləməyə başlamağı təklif edirəm. Bu paket ehtiyacları və zəruri islahatları qarşılamaq üçün böyük investisiyaları ölkəyə gətirəcək”, Ursula von der Leyen deyib.