Naxçıvanda aparılan yoxlamalar zamanı Ali Məclis sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbov da dindirilib.
"Kommersant.az" xəbər verir ki, bu haqda facebookdakı “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb.
Xəbərdə bildirilir ki, yoxlamalar zamanı Naxçıvanda onun nəzarətində olan "Gəmiqaya" və "Cahan" holdiqlərin külli miqdarda gömrük rüsumundan yayındığı üzə çıxıb.
Bu haqda məlumat verən həmin şirkətlərdə çalışan əməkdaşlar deyiblər ki, "Cahan" Holdinq bir neçə ay öncə bir neçə şirkətə bölünüb:
“Hüquq-mühafizə orqanları əvvəlcə Türkiyədəki Dilucu gömrüyünə sorğu göndərib, son bir ildə Naxçıvana keçən malların siyahısını alıblar. Məlum olub ki, Türkiyədən keçən bu malların heç biri Naxçıvan tərəfdə qeydiyyata alınmayıb.
Qeydiyyata alınmayan məhsulların əksəriyyəti "Cahan" və "Gəmiqaya"nın fabrik və zavodlarında istehsal olunan xammallardır. Məsələn, qapı-pəncərə zavodu üçün plastik xammal məmulatları...
Söhbət yüz milyonlarla manatdan gedir. Bu mallara görə heç bir rüsum ödənməyib. Bu işdə Naxçıvan Gömrük Komitəsinin sədri və müavinin də əli var. Hər ikisi artıq saxlanılıb, deyilənə görə, Bakıya aparılıblar. Onların ifadələri əsasında Seymur Talıbovu da dindiriblər. Bakıda onun qardaşı Rza Talıbov da dindirilib. Bu şirkətlər rəsmi olaraq Seymur və Rzaya məxsus olmasa da, hamı bilir ki, onların nəzarətindədir".
Bildirək ki, bu həftənin əvvəlindən etibarən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir.