Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsində bizim mövqeyimiz tam qətidir. Üçtərəfli bəyanat da buna cavab verir.
Kommersant.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında azad edilmiş ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsinin necə həyata keçiriləcəyi barədə suala cavabında deyib.
Nazir bildirib ki, bir çox hallarda Ermənistan rəsmiləri bunun Ermənistan silahlı qüvvələrinə şamil olunmasını iddia edirlər: “Amma heç bunun özünü onlar yerinə yetirməyiblər. Çox saylı dəlillər sübut edir. Ancaq üçtərəfli bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasından söhbət gedir. Bütün silahlı birləşmələr sülhməramlı kontingent orada yerləşdirilən zaman çıxarılmalı idi”.
XİN rəhbəri qeyd edib ki, davamlı görüşlərdə bu məsələni qaldırırlar: “Rusiya tərəfinin mövqeyi ondan ibarətdir ki, bu üçtərəfli bəyanatdır və bura imza atan Ermənistan da var. Bu, Ermənistanın öhdəliyidir və erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını Ermənistan təmin etməlidir. Bu həqiqətən də Ermənistanın öhdəliyidir və onlar bu öhdəliyi pozur. Buna paralel olaraq bölgədə davamlı olaraq gərginlik yaradır. Bir çox hallarda Qarabağda gərginliyə səbəb qanunsuz silahlı birləşmələrin oradakı fəaliyyətidir”.