Xəbər verdiyimiz kimi, Əsgər Həsən oğlu Abdullayev və İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kommersant.az xəbər verir ki, Əsgər Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 1980-cı ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə alıb, həmin məktəbdən qızıl medalla bitirib. O, ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq, 1985-ci ildə buranı qızıl diplomla başa vurub.
Əsgər Abdullayev gömrük orqanlarındakı fəaliyyətinə 1985-1996-cı illər ərzində Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı olaraq başlayıb, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrinə qədər yüksəlməyə nail olub. Bundan sonra - 1996-2006-cı illər ərzində Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışıb. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Əsgər Abdullayev 2011-ci il yanvarın 25-də Prezidentin sərəncamı ilə gömrük xidmətlərindəki üstün fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 2013-cü il yanvarın 31-də 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni və 2015-cı il yanvarın 28-də Prezidentin sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bir neçə gün əvvəl Qaynarinfo general-leytenant Əsgər Abdullayevin vəzifə səlahiyyətlərinin əlindən alınması barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Əsgər Abdullayevin adı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Komitənin vəzifəli şəxsləri ilə iş birliyində hallanır. Məlumata görə, general artıq Bakıda və Naxçıvanda keçirilən əməliyyatlara görə istintaq orqanları tərəfindən dindirilib.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsini tutan Əsgər Abdullayevin kurasiyasında Əməliyyat və İstintaq Baş İdarəsi, Növbətçi Hissələrin İdarəedilməsi Xidməti, Baş Gömrük Mühafizə Xidməti və Kinoloji Mərkəz olub.
Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov DTX-nın keçirdiyi əməliyyat zamanı həbs edilib. Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərov və Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, polkovnik Əjdər Abdullayev isə təqaüdə göndərilib.
Əsgər Abdullayev 1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. Bu illər ərzində sabiq Komitə sədri və hazırda fövqəladə hallar naziri olan general-polkovnik Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olub. Hazırda Əsgər Abdullayevin iki qardaşı Qüdrət və Kəramət Abdullayev, habelə əmisioğlu Adil Abdullayev FHN-də yüksək vəzifələrdə çalışırlar.
Belə ki, Adil Abdullayev Kəmaləddin Heydərov DGK-nin sədri olduğu dönəmdə də gömrükdə çalışıb. O, FHN-nə transfer olunduqdan sonra general-mayor rütbəsinə kimi yüksəlib və hazırda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. Polkovnik Qüdrət Abdullayev isə FHN-nin baş əməliyyat idarəsində çalışır.
Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan Əsgər Abdullayevin gömrükdə kurasiyasında olan idarə və təşkilatlara cavabdehlik vəzifəsindən kənarlaşdırılıb, hazırda isə yalnız sədr müavini kimi yola salınacağı günü gözləyir.