USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aqil Abbas DİN-in cərimə qərarından danışdı: “Nə oteldə yer, nə də ev verdilər, dedilər ki, qeydiyyata düş...”

17.01.2023 Siyasət
0 0
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkə daxilində yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaş həmin əraziyə gəldikdən sonra 7 iş günü müddətində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytı vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əks təqdirdə həmin vətəndaş inzibati məsuliyyətə cəlb olunaraq xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaq. İnzibati Xətalar Məcəlləsinin 563-cü (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması) maddəsinin icrasına nəzarətin gücləndirilməsi vətəndaşların narazılığına səbəb olub. Bildirilir ki, onsuz da quru sərhədlər bağlı, təyyarə biletləri isə bahadır, insanlara ölkə daxilində bu cür cərimə tətbiqi düzgün deyil, bircə o qalıb ki, ölkə daxilində viza istəsinlər…

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Abbas isə DİN-in qərarını dəstəkləyib.

“Daxili İşlər Nazirliyinin dediyi qanundur, həqiqətdir, lazımdır. Mənim özüm şəxsən deputat ola-ola Yessentukiyə getmişdim, qeydiyyata düşmədiyim üçün, bircə gün gecikdiyimə görə məni cərimələmək istəyirdilər. Amma deputatlığım buna maneə oldu. Mənə nə oteldə yer, nə də ev verdilər. Dedilər ki, qeydiyyata düş, amma gec idi. Dünyada olan şeylərdir. Bəs adamın harda olduğunu necə bilsinlər? Məsələn, mən ağdamlıyam, gəlmişəm Bakıda qeydiyyatsız yaşayıram. Bəs məni harada axtarsınlar? Ağdamda yaşamıram, qeydiyyatda deyiləm, yaxud Ağdam qeydiyyatındayam, amma Bakıdayam, ya Gəncədə, Lənkəranda… Bəs bu adamı haradan tapa bilərlər? Bu, qanundur. Quru sərhəd bağlıdır, ölkə daxilindən söhbət gedir, Amerikadan yox. Ölkənin daxilində insanlar müvəqqəti yaşadıqları yerdə polisdə qeydiyyata düşməlidirlər ki, mən müvəqqəti filan yerdə yaşayıram. Polis də qeydiyyata alır, başqa bir şey etmir, adama əngəl törətmir, “qeydiyyata almıram” demir ki. İnsanlar qeydiyyata düşməlidirlər də. Burda başqa nə var ki?”, - deputat bildirib.

Pravda.az