“Kotanlı BTK” MMC-nin təsisçisi Təbriz Hüseynov iş adamı İsfəndiyar Axundovun (Şərurlu İfəndiyar) qardaşı oğlu, “Draft Construction” MMC-nin sahibi Eldəniz Axundov barəsində növbəti dəfə açıqlama verib.
T.Hüseynov Pravda.az-a açıqlamasında Prezident İlham Əliyevə E.Axundov barəsində ünvanladığı müraciətdə irəli sürdüyü iddiaların yalan olması barədə səslənən fikirləri belə cavablandırıb:
“Reallıqdan danışıram, yalan danışan qarşı tərəfdir. İddiaçı tərəf düzgün mövqedə deyil. Sosial şəbəkədə kiməsə borcum olması barədə yazanların hamısı öyrədilmiş insanlardır. Özlərinin yüz minlərlə borcları olub, amma qaytarmayıblar. Şərh yazan Tural Hüseynov (iddia edir ki, Təbriz Hüseynovun ona 1700 manat borcu var-red) işçi olub. Bilmirəm, onu kimsə öyrədib, o da elə yazıb. Eldəniz Axundovun iddiası tamamilə yalandır. Ölkənin təhlükəsizlik kameraları var. 24 saat Daxili İşlər Nazirliyinin nəzarəti altındadır, Hadisə doğrudan da “Günəş” şadlıq sarayının qarşısında olub. Bütün kameralarda görüntülər var. Ora ölkənin giriş qapısıdır. Nə olur-olsun, görüntülər kameralardan silinə bilməz, daimidir…”
T.Hüseynov qohumu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun istismar üzrə müavini Cahid Hüseynova arxalanması barədə səslənən fikirlərə də münasibət bildirib: “Yalan danışırlar. Cahid Hüseynov bibim oğludur. Bunu danmaq üçün nəsə bir şey yoxdur ki… Onunla uzun müddətdir, heç bir əlaqəm yoxdur. Hərə öz işi ilə məşğuldur. Biznes işi görmüsən, pulu ödəməlisən. Ödəmirsənsə, camaatı təhqir etmək olmaz. Eldəniz Axundov hara bağlıdır, yaxşı bilir…”
O, Prezidentə ünvanladığı müraciətin nəticəsi olub-olmadığı barədə də danışıb: “Gözləyirik. İşçilər şahiddir. Orada işləyən tək mən deyiləm, başqa şirkətlər də var. Hazırda onlar da bu durumdadır. Kimi çağırıb dindirsəniz, eyni şeyi deyəcək. Eldəniz Axundov təzyiq altında saxlayır. Tək bir nəfər deyil. On şirkətin hamısı bu vəziyyətdədir...”
T.Hüseynov bildirib ki, E.Axundov Şərurlu İsfəndiyarın qardaşı oğludur: “İsfəndiyar müəllimi tanımamışam, iş adamıdır, Allah köməyi olsun. Alış-verişim onun qardaşı oğlu ilədir...”
Eldəniz Axundovla əlaqə saxlasaq da, o, danışmaqdan imtina edib. Qısa formada iddiaları təkzib etməklə kifayətlənib.