USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Duma ilə Milli Məclis arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı

13.02.2023 Siyasət
2 24
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Dövlət Dumasının sədri nümayəndə heyətimizi səmimiyyətlə salamlayaraq, bu səfərin əhəmiyyətini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirərək, qeyd edib ki, ikitərəfli gündəlikdə kifayət qədər məsələlər var. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Vyaçeslav Volodin, münasibətlərimizin inkişafında ölkə başçılarının rolunu qeyd edərək, deyib ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin olunmasına öz töhfəsini verə bilər.

Vyaçeslav Volodin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu mənada, parlament komitələri arasında əməkdaşlıq önəm daşıyır, o cümlədən müxtəlif sahələr üzrə komitələrin imkanlarından istifadə edilməlidir. Milli Məclisin həm Dövlət Duması, həm də Federal Şura ilə münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə edən Vyaçeslav Volodin, deyib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlər Duması arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.

Söhbətdə Dövlət Dumasının sədri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb

Azərbaycan Parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvəliyə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Milli Məclisin sədri kimi Rusiya Federasiyasına ikinci dəfə səfər etdiyini xatırladıb. O, ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcək.

Milli Məclisin sədri Azərbaycan və Rusiya arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı anlaşmaya əsaslandığını bildirərək, xatırladıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.

Ölkələrimiz arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini bildirən spiker Sahibə Qafarova iqtisadiyyat sahəsində, o cümlədən, qarşılıqlı investisiya qoyuluşunda ötən il qeydə alınan göstəricilərin uğurlu olduğunu qeyd edib. Sahibə Qafarova qeyd edib ki, humanitar sahədə əlaqələr ölkələrimiz arasında əməkdaşlıqda mühüm bir istiqaməti təşkil edir. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Milli Məclisin sədri Fondun dəstəyi ilə keçirilən tədbirlər barədə məlumat verib. O, xatırladıb ki, 2019-cu ilin noyabr ayında Moskvada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya regionlararası forumunun 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmçinin, Fondun dəstəyi və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə 2022-ci il fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib. O, bu kimi tədbirlərin münasibətlərimizin inkişafına mühüm töfhə verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri parlamentlərarası əlaqələrdir. O, Dövlət Duması sədrinin 2022-ci ildə ölkəmizə səfərini xatırladaraq, bu cür səfərlərin münasibətlərimizə töhfə verdiyini bildirib. Spiker, parlament komitələri arasında əməkdaşlıq, təcrübıə mübadiləsi məsələlərinin əhəmiyyətini qeyd edib.

Görüşdə 2020-ci ildə Azərbaycanın öz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyduğunu xatırladan Milli Məclisin sədri deyib ki, torpaqlarımız azad edildikdən dərhal sonra Azərbaycan öz hesabına genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Hazırda işğal zamanı dağıdılmış bütün infrastruktur bərpa olunur. "Yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni qəsəbə və kəndlər salınır. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması prosesi başlayıb. Bununla belə, Milli Məclisin sədri bəzi problemlərin hələ də qaldığını xatırladıb. Bildirib ki, bunlardan biri də mina problemidir. Spiker qeyd edib ki, Ermənistan işğal dövründə ərazilərimizə bir milyondan artıq mina basdırıb. Müharibə başa çatandan sonra da Ermənistan tərəfi Laçın yolundan mina, hərbi sursat və qeyri-qanuni olaraq təbii sərvətlərin daşınması üçün istifadə edir. Müharibədən sonra mina partlaması nəticəsində 280-dən çox Azərbaycan vətəndaşı ya həlak olub, ya da ağır yaralanıb.

Azərbaycanın regionda sülhün və təhlükıəısizliyin tərəfdarıı olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur.

Milli Məclisin sədri bir daha vurğulayıb ki, Ermənistan Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, humanitar böhran vəziyyətinin yaranması ilə bağlı uydurma iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolu boyunca hər gün çoxlu nəqliyyat vasitələrinin - sülhməramlı kontingentin maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım maşınlarının hərəkəti erməni tərəfinin iddialarının yalan olduğunu göstərir. Ermənistan beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə manipulyasiya ilə məşğuldur. Spiker Sahibə Qafarova bir daha vurğulayıb ki, Ermənistan Üçtərəfli bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməlidir.

Milli Məclisin sədri, həmçinin İran İslam Respublikasında Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı, diplomatik korpusun bir nəfər əməkdaşının həlak olması və iki nəfər əməkdaşının yaralanması haqqında da məlumat verib. Spiker deyib ki, Azərbaycan bu terror hücumunun ədalətli araşdırılmasını və günahkarlarının layiqli şəkildə cəzalandırılmasını tələb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.