Fevral ayının 25-də Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamam oldu. O, 2005-ci ilin aprel ayından ali məhkəmə orqanına rəhbərlik edir.
Yaxın günlərdə R.Rzayev son yaş həddi ilə bağlı təqaüdə göndəriləcəyi bildirilir. Əslində R.Rzayevin səlahiyyətin müddəti iki il öncə bitmişdi. Məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinə əsasən, ali məhkəmə hakimlərinin son yaş həddi 68-dir.
R.Rzayevin yerinə gətiriləcək bir neçə namizədin adı çəkilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Ali Məhkəmənin sədri postuna Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli gətiriləcək.
Azsiyaset.com xəbər verir ki, onun namizədliyi ali orqanların müxtəlif yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir. Ə.Hüseynli cəmi 4 il (1991-1995) məhkəmə orqanlarında işləyib. Onun ən iddialı namizəd olmasına baxmayaraq, məhkəmə sistemindəki problemləri həll edə biləcək iradəyə malik olduğunu düşünmək sadəlövlük olardı. O, eləcə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvüdür.
Buna baxmayaraq, Ali Məhkəmənin sədri vəzifəsinə gətiriləcək şəxs məhkəmə hüquq-sistemini dərindən tanıyan, “klassik” və köhnə komanda heyətindən kənar, bu sahədə illərdir yığılıb qalan və dövlət əhəmiyyətli problemlərin həll edə biləcək ciddi praktikaya sahib olmalıdır.
Ləğv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması ölkə ictimaiyyəti tərəfindən ciddi etirazalara səbəb olmuşdu. Sosial mediada minlərlə fəal bu qərarı məhkəmə orqanları tarixinin ən ədalətsiz qərarlarından biri kimi qiymətləndirmiş və ölkənin məhkəmə-hüquq sistemindəki ciddi neqativləri yenidən gündəmə gətirmişdi.
İstənilən demokratik cəmiyyətin əsas sütunu onun müstəqil məhkəmə hakimiyyətinin olmasıdır. Bu sahədəki ən ciddi problem uzun illər məhkəmə hakimiyyətinin işğal altında olmasıdır.
Acınacaqlı hal odur ki, hələ də Azərbaycanda kommersiya mübahisələrini müstəqil həll edə biləcək arbitraj sistemi mövcud deyil. İnsanlar ədalətsiz məhkəmə qərarlarından əziyyət çəkirlər. Azərbaycan məhkəmələrindəki köklü problemlər ölkədə xalqın ən çox etiraz etdiyi sahələrin ilk üçlüyündə yer alır.
Əgər məhkəmə islahatları ən yüksək səviyyədə aparılmasa, bir müddət sonra ölkədə hüquq adına olan hər şey gülüş doğuracaq, eləcə də xarici investisiyaların həcmi ciddi şəkildə azalacaq, bəlkə də sıfırlanacaq.