USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Camaatın qızına, yoldaşına, nişanlısına yazmaq, üzdə gülüb, arxasınca təhqirlər etmək…” - Tural Abbaslı

17.03.2023 Siyasət
19 9
“Bu, müxalifət-iqtidar məsələsi yox, əxlaq, tərbiyə, vicdan məsələsidir. Camaatın qızına, yoldaşına, nişanlısına yazmaq, üzdə gülüb, arxasınca təhqirlər etmək insani keyfiyyətdir. Eyni keyfiyyətlər iqtidar nümayəndələrində də ola bilər, müxalifətdə də. Bunu bölmək olmaz. Onsuz da cəmiyyətin indi üzə çıxardığı, aşkarladığı məsələləri biz çoxdan bilirik. Hələ çox məsələlərin açılacağına əminik. Ağ Partiya heç vaxt “siyasi məqsədlərə çatmaq üçün hər şey məqbuldur” anlayışında olan partiya olmayıb. Hər zaman əxlaqa, dinə, milli-mənəvi dəyərlərimizə üstünlük vermişik, bu dəyərlər uğrunda savaşmışıq. Əminəm ki, cəmiyyət də sonda kimin kim olduğunu gözəl anlayacaq…”

Bu sözləri Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı müxalifət cəbhəsində, xüsusilə Bəxtiyar Hacıyevlə bağlı baş verənlər barədə danışarkən deyib.

“Əslində bunu bizim qiymətləndirməyimizə ehtiyac yoxdur. Düşünürəm ki, cəmiyyət qiymətləndirməli, istər seçkilərdə, istər siyasi partiyalara, istər özünə “aktivist” deyən kəsimlərə verdiyi dəstəkdə bu nüansları nəzərə almalıdır, alır da. Cəmiyyətimiz hər zaman bu məsələlərə həssas olub və bu, belə də qalacaq. Çünki bizim xalq milli-mənəvi dəyərlərə, dinə, adət-ənənəyə hörmət edən xalqdır. Hələ bəziləri var, Avropada insanları təhqir etdirirlər. Burda siyasi rəqabətdə uduzan kimi ora sifarişlərini göndərirlər. Sözümün canı budur ki, ifşa olunmalı çox məqamlar var. Əminəm ki, ifşa olacaqlar. Kimin kim olduğu üzə çıxacaq. Xalq görməli, dəyərləndirməli, qiymət verməlidir. Hər kəs layiq olduğunu alacaq”, - T.Abbaslı bildirib.