USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildə aksiya iştirakçılarının tələbləri qarşılandı

27.03.2023 Siyasət
37 5
İsraildə Netanyahunun etirazlara səbəb olan mübahisəli məhkəmə qaydalarını 3 ay müddətində dayandıracağı açıqlanıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ölkə daxilində kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə qaydalarını 13 həftə müddətinə dayandıracağı bildirilib.

Baş nazirlik mənbələrinə əsaslanan İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Netanyahu səhər saatlarında məhkəmə tənzimləməsini dayandırdığını elan etməyi planlaşdırır.

Xatırladaq ki, Netanyahu məhkəmə tənzimləməsinin dayandırılmasını tələb edən müdafiə naziri Qallantı istefaya göndərdikdən sonra sonra yüz minlərlə israilli ölkə boyu küçələrə axışıb.

Müdafiə naziri Qallantın çağırışı Likud Partiyası tərəfindən də dəstəklənib. Likud Partiyasının deputatları Yuli Edelşteyn və David Bitan Gallanta qoşularaq hökuməti qanun layihəsini dayandırmağa və dialoqa çağırıblar.

Dünən axşam saatlarından etibarən yüz minlərlə israilli ölkə boyu küçələrə çıxıb.

Netanyahu hökumətinin mübahisəli 'məhkəmə islahatı'

Ədliyyə naziri Yariv Levin yanvarın 5-də Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və hakimlərin seçiminə məhkəmə sisteminin təsirini azaldacaq “məhkəmə islahatları” planlaşdırdıqlarını açıqlayıb.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi səlahiyyətlərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

Ölkədə ən yüksək məhkəmə orqanı kimi fəaliyyət göstərən İsrail Ali Məhkəməsi, Məclis tərəfindən qəbul edilən qanunları konstitusiya layihəsi kimi qəbul edilən “əsas qanunlar”a uyğun gəlmədiyi səbəbi ilə ləğv etmək səlahiyyətinə malikdir.

Netanyahu hökumətinin açıqladığı məhkəmə tənzimləməsində parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətinin böyük ölçüdə Ali Məhkəmənin əlindən alınacağı ifadə edilib.

Məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran və hakim təyinatlarında söz sahibi olmaq səlahiyyətini nəzərdə tutan hökumətin məhkəmə tənzimləməsi İsrail daxilində və beynəlxalq aləmdə ciddi tənqidlərə məruz qalıb.