Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Kommersant.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2021-ci ildə Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorluguna daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, Vazeh Vəliyev MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub.
Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.