Dünən Azərbaycanda koronovirus pandemiyası ilə bağlı bir çox əsas məhdudiyyətlərin aradan qaldırlması ilə bağlı qərar qəbul edilsə də, ölkə quru sərhədlərini açmadı.Lakin bu gün Gürcüstanın yerli “BusinessPressNews” saytının yazdığına görə, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir. Yayılan məlumatlar Azərbaycanda həm mətbuatda, həm də sosial mediada geniş müzakirələrə səbəb olub. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yaydığını qeyd edib. Bəs gürcü mətbuatının yazdığı bu məlumat həqiqət ola bilərmi?
Kommersant.az məsləni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. Ekspert qeyd edib ki, ümumiyyətlə dünya artıq COVID-i arxada qoyub. Azərbaycan isə bu məhdudiyyətlərin ortadan qaldırılmasına çox gecikib:
“Çünki artıq bütün dünyada bu məhdudiyyətlər aradan qaldırlıb. Ən son Çin idi, onlar da yanvarın 8-də bütün məhdudiyyətləri ləğv elədi, sərhədləri açdı və vaksinasiyanı könüllü elədilər. Azərbaycan da artıq bu mərhələni keçməlidir. Quru sərhədlərini açmaq isə labüddür. COVID bəhanəsi ilə quru sərhədləri bağlı saxlamaq mümkün deyil. Ümid edək ki, may ayının 1-i doğurdan da quru sərhədlər açılacaq və COVID bəlasını tamamilə unudub tarixin arxivinə göməcəyik”.