Yazın gəlişi ilə market və bazarlarda mövsümi olmasa da, gilas və alça kimi meyvələr piştaxtalarda öz yerini alıb. Lakin həmin meyvələrin qiyməti 150-200 manat arası dəyişir. Nəzərə alsaq ki, bu gün ölkəyə xaricdən bir çox meyvə-tərəvəz məhsulları idxal olunur, lakin qiymətlər bu qədər əl yandıran deyil, gilas və alçanın qiymətinin çox baha olması maraq doğurur, müzakirələrə səbəb olur. Bəs nədir bu qədər qiymət fərqinə səbəb? Dövlət bu məhsulların qiymətini müəyyənləşdirə bilərmi və s. sualları iqtisadçı-ekspertə ünvanladıq.
Kommersant.az iqtisadçı Eldəniz Əmirovla müzakirə edib. İqtisadçı bildirib ki, bananın Azərbaycana gətirilməsi bir növ mövsümi faktorlarla bağlı deyil:
"Biz hər bazarda, hər yerdə banan görə bilirik, amma hər yerdə gilas, alça görə bilirikmi? Yəni bunun özü fərqlidir. Eyni zamanda da bu meyvənin coğrafiyası çox genişdir. Amma ölkəyə gətirilən gilasın bir coğrafiyada olsa belə, Latın Amerikası, Afrika, ümumiyyətlə Avstraliyada bu mövsümdə yetişib oradan gətirildiyini eşitməmişəm. Məhsul bolluğu fərqlidir. Söhbət bundan gedir. Bu məhsullar satışa çıxarılsa da, hər marketdə yoxdur. Yəni satışı məhduddur, ona görə də qiymətlər belə bahadır. Məsələn, iyun ayında gilasın qiyməti 100 manat olsa, bununla bağlı məsələ qaldırmaq olar. Ancaq qış aylarında, martda yetişməyən məhsulları bazarda görürüksə, bilməliyik ki, onu hansısa şəraitdə yetişdirən insan öz məhsuluna o qiyməti qoyub.
"Qiymətlərə dövlətin hər hansısa bir müdaxiləsi mümkündürmü?" sualını cavablandıran ekspert qeyd edib ki, bu strateji məhsul - çörək, neft, dərman deyil ki, dövlət qiymətlərə müdaxilə etsin:
“Məsələn, siz hansısa bir məhsul hazırlayırsız və 10.000 manat qiymət qoyursunuz. Kimi qane etmirsə, almayacaq. İndi eyni ilə gilas və alçanın qiymətləri də belədir. Buna görə də bu məhsulların qiymətinə dövlət müdaxilə edə bilməz, etməsi doğru da olmaz. Ya da qiymətə görə hər hansı bir narazılıq və etiraz doğru deyil. Mənə 400 manata gilas almaq sərf etmir deyə almamışam, gözləyəcəm, zamanı gəlsin, sonra alacağam”.