USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Xankəndi məsələsinin həll edilməsinə bir şey qalmayıb...”

04.04.2023 Siyasət
21 3
“Xankəndi məsələsinin həll edilməsinə bir şey qalmayıb... Ərazilərimizi tamamilə separatçılardan, işğalçılardan, terrorçulardan təmizləməliyik. Bu proses gedir. Cənab Prezident İlham Əliyev hələ Vətən müharibəsi dövründə belə bir fikir söylədi ki, mən nəyi necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilirəm. Həqiqətən, cənab Prezidentimiz nəyi nə vaxt və necə etmək lazımdır, bunu yaxşı bilir, hər şey öz vaxtında həll olunur. Artıq hamımız şahidik ki, son bir neçə gün ərzində ordumuz strateji cəhətdən çox vacib yüksəklikləri, məntəqələri, yolları nəzarətə götürüb. Bu, ondan xəbər verir ki, ərazimizdə kök salmış separatçıların sonuna az qalıb. Onların kürklərinə birə düşüb. Yəni Azərbaycan Ordusu ərazilərimizi nəzarətə götürdükcə, təmizlədikcə təşviş, həyəcan keçirirlər...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, separatçıların gizli yollarla silah-sursat daşımalarının, təminatlarını yerinə yetirmək üçün gördükləri işlərin hamısının qarşısı alınıb: “Getdikcə buna son qoyulacaq. Təminat, qeyri-qanuni gediş-gəliş olmayandan sonra, əlbəttə, başqa çıxış yolları qalmayacaq. Ya ərazilərimizi tərk etməlidirlər, ya da Azərbaycan Ordusu tərəfindən təmizlənməlidirlər. Qarabağda qalan dinc mülki erməni əhalisinin isə yeganə çıxış yolu var. Onlar üçün ən düzgün yol budur ki, 1988-ci ilədək olduğu kimi, yenidən Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına tabe olub Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Əks təqdirdə, onlar əcnəbi vətəndaş kimi ərazimizi tərk etməlidirlər. Hər şeyin, hər kəsin zamana ehtiyacı var, çox qalmayıb...”