"Görünür ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı tarixi zəfər İranda mollakratiya rejiminin yuxusuna haram qatıb. Onlar Qarabağa istədikləri kimi girib-çıxır, narkotiklərin dövriyyəsini həyata keçirirdilər. Qarabağda olan bütün yaşayış məntəqələrini söküb daşına qədər daşıyırdılar. İndi isə bütün bunlardan məhrumdurlar. Ona görə də bununla barışa bilmir, təxribatla məşğul olurlar”.
Kommersant.az xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılganın “İran Azərbaycana hücum etsə, qarşısında Türkiyəni görəcək” açıqlamasını şərh edərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat əlavə edib ki, rəsmi Tehran Aəzrbaycanla münasibətləri gərginləşməsinə maraqlıdır:
"İranın atdığı addımlar - ilk növbədə Azərbaycanın hava məkanını pozması, sərhəddə hərbi təlimlər keçməsi, Azərbaycanla sərhəddə izafi qoşun növləri toplaması, rəsmi şəxslərin anti-Azərbaycan bəyanatları, KİV-lərin gecə-gündüz Azərbaycan əleyhinə fikirlər söyləməsi, Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xəttir deməsi bir daha onu göstərir ki, rəsmi Tehran Aəzrbaycanla münasibətlərin gərginləşməsinə maraqlıdır və mehriban qonşuluq münasibətlərinə zidd davranış ortaya qoyur".
Bu gün İran Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə məşğuldur. Belə olan halda hadisələrin bundan sonrakı inkişafı necə ola bilər" sualına cavab olaraq Elman Nəsirov bildirib ki, mümkün ssenarilərdən biri, Azərbaycana hərbi müdaxilə variantı nəzərdən keçirilir:
“Bu olarsa, regionda nə baş verər və İran üçün hansı nəticələrə gətirb çıxara bilər? Doğurdanmı bunu İranda hesablamaq bu qədər çətindir? İranın dini və siyasi elitası bu qədərmi ağlını itirib və Azərbaycana hərbi müdaxiləsinin İrana gətirəcəyi fəlakətləri hesablaya bilmir?”
Deputat bütün bu reallığın fonunda Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılganın fikirlərini dəstəklədiyini bildirib:
"O deyir ki, əgər İran Azərbaycan Respublikasına müdaxilə edərəsə, belə olan vəziyyətdə Türkiyəni qarşısında görəcək. Bu tam məntiqidir. Çünki 2021-cil il 15 iyun tarixli Şuşa Bəyannaməsinə əsasən Azərbaycan-Türkiyə strateji müttəfiqlik və hərbi müttəfiqlik səviyyəsinə qalxıb. İranın Azərbaycana hücumu həm də Türkiyəyə hücum anlamına gələcək. Türkiyə isə NATO dövlətidir. NATO nizaməsinin 5-ci bəndinə əsasən Alyansa üzv olan ölkələrdən hansısa biri müharibəyə cəlb olunarsa, digər dövlətlər onun yanında yer olmalıdır. İranın Azərbaycana hücumu faktiki olaraq Türkiyə və NATO-nun da bu müharibə də iştirakı anlamına gəlib çıxır. Üstəlik də ABŞ və İsrailin də İrana qarşı hansı mövqedə dayanacağı bəllidir. Düşünürəm ki, İran belə bir addım atsa, bu onlar üçün siyasi intihara bərabər bir addım ola bilər".
Deputat onu da əlavə edib ki, indi gəm də İranın daxilində də vəziyyət gərgindir:
“İran unutmasın ki, ölkə daxilində də vəziyyət gərgindir, siyasi böhran yaşanır. Orada yaşayan 35-40 milyon soydaşımızın da İranın Azərbaycana təcavüzü baş verəcəyi təqdirdə cəbhənin hansı tərəfində olacağını dərk etmək çətin deyil. Yəqin ki, bütün bu reallıqları nəzərə alan İranın dini və siyasi rəhbərliyi papağını qarşısına qoyub ağıllı nəticələr çıxadacaq, səhvə yol verməyəcək. İran çalışmalıdır ki, odla oynamasın”.