Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Milli Məclisin qərarı ilə İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunub. Digər bir sərəncamla o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri postuna təyinat alıb.
18 ilə yaxın Ali Məhkəməyə sədrlik etmiş Ramiz Rzayevdən sonra yeni kadrın məhkəmə-hüquq sisteminin ən mühüm sütunlarından birinin rəhbərliyinə gətirilməsi ölkəmizin ədliyyə sahəsində yeniliklərə səbəb olacaqmı? Yeni sədr Ali Məhkəmədə hansı dəyişikliklər edə bilər?
Mövzu ilə bağlı Modern.az-a danışan hüquqşünas, sabiq deputat Çingiz Qənizadə qeyd edib ki, İnam Kərimov çox savadlı kadrdır.
"İnam müəllimi uzun illərdir tanıyırıq. Həm "ASAN Xidmət" yaranandan sonra idarəçilərdən biri kimi, həm də 2018-ci ildən kənd təsərrüfatı naziri kimi fəaliyyəti hər birimizin gözünün önündə olub. Düşünürəm ki, onun haqqında hər hansı ciddi bir neqativ halın olması barədə heç kim söz deməz. Çünki o, sadə, təvəzökar və savadlı kadrdır. Təbii ki, onun Ali Məhkəmədə indiyə qədər çalışmaması ağıllarda müəyyən qədər sual yaradır. Lakin qanun icazə verir ki, hətta həmin vəzifədə çalışmayan şəxslər də müstəsna hallarda orada vəzifəsini icra edə bilər",- deyə keçmiş deputat bildirib.
Ç.Qənizadə vurğulayıb ki, heç də hamı tərəfindən məqbul hesab olunmayan məhkəmə hakimiyyətinə yeni bir nəfəsin gətirilməsi mümkün addımdır:
"İnam Kərimovun dünyagörüşü, bacarıqları, rüşvət və korrupsiyadan uzaq olan bir məmur kimi formalaşması bu vəzifəyə layiqli namizəd olduğunu göstərir. Mən məhkəmə hakimiyyətində olan neqativ halları zaman-zaman dilə gətirirdim. Xüsusilə, Ramiz Rzayevin Ali Məhkəmənin sədri olduğu dövrdə həmin qurumun verdiyi qanunsuz qərarlara, sifarişlə məhkəmə qərarlarının qəbulu hallarına şahid olmuşam. Hətta bununla bağlı konkret sənədlərə söykənərək öz fikirlərimi söyləmişdim. Ali Məhkəmə hakimiyyətin üçüncü qoluna aiddir. Buna görə də digər qollardan aslı olmamalıdır. Ali Məhkəmə ən ali instansiyadır. Mən bu vəzifədə İnam Kərimova uğurlar arzulayıram. Belə hesab edirəm ki, onun sədr olması ilə Azərbaycan məhkəməsində ədalətli və doğru qərarların qəbul olunması ilə bağlı bir ilkə imza atılmasının şahidi ola bilərik. İnam müəllimə zaman elə bir fürsət verib ki, o, məhkəmədə yeni bir tarix yazmaq imkanına sahibdir. Yenidən İnam müəllimə uğurlar arzulayıram".
Qeyd edək ki, İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
O, 21 aprel 2018-ci ildə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.