“Mən İnam Kərimovu "ASAN Xidmət"də çox gözəl bir menecer kimi tanımışdım. Onun orada çox gözəl xidmətləri oldu. Bundan əvvəl də Prezident Aparatında da bu sahədə xeyli çalışıb. Demək olar ki, o ancaq hüquq sahəsində çalışıb. Xeyli böyük təcrübəsi var. Təcrübəsini nəzərə alan Prezidentdə inam yaranıb ki, İnam Kərimov onun istədiyi formada Ali Məhkəmədə gözəl iş mühiti yarada, şəffaflıq formalaşdıra bilər. Məhkəmə-hüquq sistemində müəyyən islahatların həyata keçirilməsinə töhfə verə bilər".
Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev İnam Kərimovun Prezidentin sərəncamı ilə Ali Məhkəmənin sədri təyin edilməsini şərh edərkən deyib.
Razi Nurullayev qeyd edib ki, Ali Məhkəmənin işində zaman-zaman problemlər olur.
“Bildiyiniz kimi, mən də zaman-zaman Ali Məhkəməni tənqid etmişəm. Açığı onların işlərində müsbət məqamlar olsa da, xeyli problemli məslələr də var idi. Xüsusən də Azrəbaycanda iş adamlarının süründürməçiliyi baş verirdi. İş adamlarını o instansiyadan bu instansiyaya süründürürdülər. Düşünürəm ki, iş adamları ölkədə iş yeri yaradan, xalqın problemlərini aradan qaldıran şəxslərdir. İş adamı olmadan ölkə inkişaf edə bilərmi?”
Deputat əlavə edib ki, bu gün də nəinki Ali Məhkəmədə, bütün məhkəmələrdə bu problemlər çox kəskin şəkildə var:
"Bizim də İnam müəllimdən gözləntimiz budur. Arzu edirəm ki, işinin öhdəsindən layiqincə gəlsin, bu sahədə hər kəsi razı salacaq islahatlara imza ata bilsin".