USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının müavini fəhləyə təpik atdı - "Dedi, başını əzdirərəm"

13.04.2023 Siyasət
9 7
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini, RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtər rayonu üzrə “DOST İş Mərkəzi” MMC-də yaşıllaşdırma sahəsində çalışan fəhlələri nalayiq sözlərlə təhqir və təhdid edir.

Bu barədə 56 yaşlı fəhlə Aydın Şahverdiyev Pravda.az-a ünvanladığı şikayətində bildirib.

Onun şikayətini təqdim edirik: “Martın 30-da rayonda aparılan abadlıq işləri çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının qarşısında işləyirdik. Bizə tapşırılan işi görürdük. İşimizi icra başçısının birinci müavini Elvin Umudovun tapşırığına uyğun “DOST İş Mərkəzi” MMC-nin nümayəndəsi Saleh müəllim bölür. Bizim idarəmiz Dövlət Məşğulluq Agentliyinə baxır. Abbas Cavadov ora gələrək məni nalayiq sözlərlə təhqir etdi, özü söz-söhbət yaratdı. Mənə dedi ki, qudurmusan, sənin başını əzdirərəm, məhv etdirərəm. Etirazımı bildirdim ki, fəhləyəm, sən məni niyə təhqir edirsən. O, heç kimlə yola getmir. Dərdi nədir, bilmirik. Bundan əvvəl də belə hallar yaşanıb. Onda da etirazımı bildirmişdim. Saleh müəllim də ona tapşırıb ki, fəhələlərlə düzgün rəftar etsin. Başqaları ilə də bu cür davranır. Məni təhqir etdiyi vaxt yanımızda iki briqada, xəstəxananın da qarşısında camaat var idi, şahiddirlər, hamı gördü. Abbas Cavadov mənə təpik atdı, söyüş söydü. Bizi ayırdılar. Əsəbdən əsirdim. Elə həmin an “102” xidmətinə zəng etdim. Məni polis şöbəsinə çağırdılar. Qəsəbəyə baxan nümayəndələr dedilər ki, Abbas Cavadov icra işçisi olduğu üçün məsələyə prokurorluq baxır. Martın 31-də Tərtər rayon prokuroru ilə görüşmək istəsəm də, o, tədbirdə idi. Müavini ilə də görüşə bilmədim. Polis şöbəsi məni məhkəməyə göndərdi ki, gedib ərizəni orada yazım. Məhkəmə də geri qaytardı ki, burada belə ərizə yazılmır. Latın əlifbasında yaza bilmədiyim üçün xahiş etdim ki, ərizəni yazmağıma köməklik göstərsinlər. Polis tərəfindən heç bir tədbir görülmədi. Həmin vaxtdan Abbas Cavadovu görməmişdik. O, aprelin 12-də yenə gəldi, traktorçu ilə də mübahisəsi oldu. Bizi niyə təhqir etməlidir? Birinci Qarabağ döyüşçüsüyəm. Vətən müharibəsində qəsəbədə zirzəmidə qalıb, yaralılara kömək etmişik, həlak olanların dəfnlərində iştirak etmişik. Hörmətli Prezidentimiz icra başçılarına, icra nümayəndələrinə həmişə tapşırıq verir ki, vətəndaşları incitməsinlər. Bu adam dövlət məmurudur, fəhləyə niyə təpik atmalıdır?”

Vətəndaşın şikayəti ilə bağlı Abbas Cavadovun da mövqeyini öyrənmək üçün Pravda.az-ın əməkdaşı onunla əlaqə yaratmağa çalışıb. Tərtər RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən əməkdaşımıza deyilib ki, A.Cavadov ərazidədir, ancaq saat 15:00-dan sonra əlaqə yarada bilərik. Lakin A.Cavadovla deyilən saatda da əlaqə yaratmaq mümkün olmayıb.

  • Əvvəlki

    “Paşa Bank”ın iddiası ilə həbs olunan YAP fəalı məhkəməyə gəlmir - 527 min manatlıq MƏNİMSƏMƏ

Digər xəbərlər