USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabirabadın icra başçısından Vətən Şəhidlərinə hörmətsizlik: Milli Qəhrəmanın büstünün və bulağın açılışına qatılmadı

01.05.2023 Siyasət
11 22
Sabirabadda şəhid Milli Qəhrəman Murad Mirzəyevin büstünün, həmçinin Vətən Şəhidləri adlı abidənin və bulağın açılışı olub. Demokrat.az xəbər verir ki, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.

Milli Qəhrəman Murad Mirzəyevin atası Telam Mirzəyevin və övladının iştirakı ilə büstün açılışı olub.

Həmçinin şəhid anaları Vətən Şəhidləri adlı abidənin açılışını edib.

Çıxışlar zamanı hərb tariximizə şanlı hərflərlə yazılan Aprel zəfərindən söhbət açılıb.

Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı əldə olunan parlaq Qələbənin təməli məhz Aprel döyüşlərində qoyulub.

Mərasimdə çıxış edən şəhid Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib ki, oğlunun Vətənə olan xidməti və şəhidlik məqamı məhz ondan sonra gələn nəsillər üçün əsl vətənpərvərlik məktəbi olub:

"Muradı özünə ideal seçən gənclərimiz 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında şücaət göstərdilər. Vətən uğrunda canını fəda edən şəhidlər əbədi olaraq qəlblərdə yaşayacaq".

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında bildirib ki, Aprel zəfərində düşmənə sarsıdıcı zərbələrin vurulmasında Milli Qəhrəman Murad Mirzəyevin misilsiz xidmətləri olub:

"Məhz onun tabeçiliyində olan xüsusi təyinatlı bölmə düşmən təxribatının qarşısının alınmasında və işğalda olan torpaqlarımızın bir qisminin azad olunmasında xüsusi şücaət göstərib. Murad Mirzəyev və tabeçiliyində olan hərbçilər son damla qanına qədər döyüşərək, azad edilən torpaqların müdafiəsində dayanıb. Canlarını Vətənə fəda edərək Aprel zəfərinin qazanılmasını təmin ediblər".

Tədbirdə çıxış edən Milli Qəhrəman Murad Mirzəyevin hərbçi yoldaşları isə onun vətənpərvərliyindən, peşəkar hərbçi və əfsanəvi xüsusi təyinatlı olduğundan danışıblar. Bildiriblər ki, Murad Mirzəyev hər zaman döyüşə öndə gedənlər sırasında yer alıb, son damla qanına qədər döyüşərək Vətəni uğrunda canını fəda edib.

Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilib.

Qeyd edək ki, sözügedən açılış mərasiminə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov və rayon rəhbərliyi dəvət olunsa da, ancaq onlardan heç biri tədbirə qatılmayıb. Mərasim iştirakçıları icra başçısının bu cür laqeyd hərəkətini pisləyiblər.

  • Əvvəlki

    Prezident Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin sədrini qəbul edib

Digər xəbərlər