USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türkiyədə seçkilərin ikinci tura qalacağını düşünmürəm” - Razi Nurullayev

05.05.2023 Siyasət
22 5
“Seçkiyə az müddət qala Rəcəb Tayyib Ərdoğanın nüfuzunun artması müşahidə olunur. Ona görə də hələki birinci turda qələbə olub olmayacağını demək çətindir”.

Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Razi Nurullayev Türkiyədəki seçkilər haqqında danışarkən deyib.

Deputat düşünür ki, Türkiyə cəmiyyəti daha çox stabilləşməyə doğru gedən cəmiyyətdir. Düşünüb öz qərarlarını verir:
“Ona görə də hələki Türkiyədə sosial vəziyyətə, əməkhaqlarına, iqtisadi vəziyyətin çətinləşməsinə görə narazı olan bəzi qərar verməyən insanlar var. Lakin onlar sonda nəzərlərini Ərdoğana döndərə bilərlər.
Bu baxımdan da bir sürpriz ola bilər ki, elə Ərdoğan birinci turda qələbə çalsın”.
Razi Nurullayev əlavə edib ki, dooğrusunu Türkiyə cəmiyyəti bilir:

“Onlar seçki qutularına gedəndə namizədlər arasında seçim edəcəklər. Biz də Türkiyə xalqının seçiminə bir mənalı olaraq hörmətlə yanaşmalıyıq. Lakin ümumi bir siyasi anlamda qlobal dünyada hazırda baş verən proseslərə Türkiyənin rolu baxımından, təbii ki, Ərdoğanın başladığı prosesi sona çatdırması daha məqbul olardı”.

Razi Nurullayev bildirib ki, Azərbaycan cəmiyyətində də Qarabağla bağlı Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, hakimyyətin dayanışının necə olacağı ilə bağlı sual və narahatlıqlar var:
“Bundan əlavə əgər belə bir şey baş verərsə, Türkiyənin Ukrayna ilə bağlı fikirləri, Avropa ilə bağlı siyasəti, Suriya, ümumilikdə türk dünyası ilə bağlı hansı siyasət yürüdəcəyi ilə bağlı bir çox ölkədə müəyyən sual doğurmaqdadır. Bütün bunların fonunda lakin seçkinin ikinci tura qalacağını düşünmürəm”.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək. Keçirilən sorğuların nəticəsinə görə, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinqi 51%-ə çatıb.