USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hər kəs papağını qabağına qoyub, düşünməlidir ki, ABŞ-a getməyə dəyərmi?” - Deputat “Green card” barədə

08.05.2023 Siyasət
12 56
“On illərdir, “Green card” məsələsi var. Bilirsiniz ki, ABŞ-a, daha çox Latın Amerikasına, təxminən, il ərzində yüz minlərlə insan miqrasiya edir. Afrikadan, Avropanın özündən, Asiyadan da miqrasiya edirlər. Normal bir şeydir. İnsanlar rahat həyat axtarır. Burada məhdudiyyəti nədə görürəm? Birincisi, cavan olmaq lazımdır. İkincisi, gedib ABŞ-da fəhlə işləmək də bir fayda verməyəcək. ABŞ-da ümumi tələbat bundan ibarətdir ki, insanın yüksək savadı olmalıdır, orada insan daim oxumalı, öz üzərində işləməli, təkmilləşməlidir. Bazar iqtisadiyyatında, o cümlədən Amerikada həyatın qanunları belədir...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat düşünür ki, ABŞ-da oxuyub, qayıtmağa dəyər: “Çünki Vətəndən uzaqda qalmaq da çətinlikdir. Azərbaycan milləti çinlilər, meksikanlar, yaxud ermənilər kimi o qədər də assimilyasiya olunmur. Nəzərə almaq lazımdır ki, sadaladığımız xalqların ABŞ-da kifayət qədər, yüzminlərlə nümayəndəsi yaşayır. Onlar bir-birilərini axtarıb tapır, birgə iş görürlər. Azərbaycanlıların sayı, təbii ki, nisbətən azdır. Düzdür, ABŞ-da kifayət qədər türk də var. Amma Azərbaycan türklərini də birgə hesablasaq, o qədər də böyük rəqəm ortaya çıxmayacaq. Qürbətdə yaşamaq, işləmək normaldır, amma cavan olanda. Adətən, yaşları 45-50-ni keçəndən sonra azərbaycanlılar Vətənə qayıtmaq istəyirlər. Orada doğulmayıblarsa, oxumayıb, inkişaf etməyiblərsə, onlar üçün qürbətdə yaşamaq çətindir. Ona görə də bu məsələ insanların özündən asılıdır. Seçim onlarındır. Bu, seçim söhbətidir. Amerika daha çox savadlı adamları, gəncləri dəvət edir. 25-30 yaşına gəlib çatanda, onlar artıq düşünürlər ki, bu insanı dəvət etməyə dəyər, ya yox. “Green card” lotereya kimidir. Düşünmək lazımdır. Hər bir insan papağını qabağına qoyub, düşünməlidir ki, ABŞ-a getməyə dəyərmi? Oxumağa, ali savad almağa, inkişaf etməyə, bəli, dəyər. Bu çox müsbət haldır. Amma düşünürəm, həyatını orada qurmaq, yaşamaq, oranın mühitinə alışmaq çətin məsələdir”.