Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi qazisi Xəlilov Elnur Rizvan oğlunun fəaliyyətində nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığı, barəsində cinayət işi açıldığı iddia olunur.
Kommersant.az xəbər verir ki, Pravda.az məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün icra başçısının müavini, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva ilə əlaqə saxlayıb.
M.Ağamalıyeva əvvəlcə məsələ barəsində məlumatlarının olmadığını deyib. Bunun ardınca isə əlavə edib ki, “araşdırma aparılır, yəqin, nəsə nəticəsi olsa, deyilər”.
Əməkdaşımızın “nə ilə bağlı araşdırma aparılır” sualına isə M.Ağamalıyeva yenidən “məlumatımız yoxdur” cavabını verərək dəstəyi asıb.
Qeyd: Qazi E.Xəlilov icra başçısı M.Quliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ilin iyul ayında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.