USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hesablama Palatası getdi, tapdı, yazdı, sövdələşdi" - Əkrəm Həsənov

17.05.2023 Siyasət
0 0
“Bizdə vaxtaşırı Hesablama Palatasının belə məlumatları işıqlandırılır. Ancaq bunun daha sonrası haqqında məlumat verilmir”.

Kommersant.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Hesablama Palatasının bu gün Naxçıvan Muxtar Respublikası Kənd Təsrrüfatı Nazirliyində apardığı yoxlamaların hüquqi tərəfindən danışarkən deyib.

Ekspert qeyd edib ki, Hesablama Palatası bu araşdırmanın nəticəsi nə oldu, kimlər burada məsuliyyətə cəlb olundu, işdən çıxarıldı və.s. barədə vaxtaşırı ictimaiyyətə məlumat verməlidir:

“Hesablama Palatasının bu məlumatları davamlı olmalıdır”.

Əkrəm Həsənov qeyd edib ki, əgər Hesablama Palatası haradasa yoxlama aparıbsa və orada yeyinti, mənimsəmə müəyyən edibsə, o öz nəticələrini Baş Prokurorluğa göndərməlidir:

“Nəinki Hesablama Palatası, hər hansı bir vətandaş da hansısa bir cinayəti görüb, bilirsə, bu haqda hüquq mühafizə orqanına məlumat verməlidir. Yalnız ailə üzvü cinayət haqqında məlumat verməyə bilər.

Əgər Hesablama Palatası məlumat verirsə, burada yeyinti halı aşkarlanıb, bu artıq cinayət deməkdir. Bundan sonra Baş Prokurorluq istintaq aparmalı, müəyyən etməlidir ki, bunu kim edib”.

Hüquqşünas bildirir ki, əgər həmin yerdə böyük məbləğdə yeyintilərdən söhbət gedirsə, bu işdə artıq rəhbərin də məlumatı var deməkdir:

“ Ancaq bunu da sübut etmək lazımdır. Yəni onun bundan məlumatı olubmu, burada imzası var idimi və s. Bundan sonra həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Amma mən bunu da deməyə bilmərəm. Bu da cəmiyyətimizdə belə bir təəssürat yaradır ki, “Getdilər, tapdılar, yazdılar, potensial təqsirkarları məlumatlandırdılar, onlarla bu işi necəsə həll etdilər, sövdələşdilər”.

Hüquqşünas əlavə olaraq bildirib ki, prokurorluğun özünün də səlahiyyəti var ki, hətta mətbuatda gedən məlumat əsasında da işə başlasın:

“Lakin Baş Prokurorluq da deyə bilər biz mətbuatda məlumatı görməmişik. Amma Hesablama Palatasının rəhbər şəxsləri prokurorluğa məlumat vermirsə, onları məsuliyyətə cəlb edə bilərlər. Daha sonra prokurorluqda bu məsələlər barədə rəsmi məlumat verməlidir”.