Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Yaşıllıqların salınması işlərinin satın alınması” ilə bağlı müsabiqəyə yekun vurub.
Kommersant.az xəbər verir ki, müsabiqənin qalibi “Saffira Plus” MMC olub. Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 279.660 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Saffira Plus” MMC 26.01.2023-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Saatlı rayonu, ƏliSultanlı, Əlisoltanlı I, ev 1, m. 23 göstərilib. “Saffira Plus” MMC barəsində internet resurslarda heç bir məlumat yoxdur. Araşdırmamız zamanı şirkətin qanunu təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızının adına başqa bir şirkətin olduğu da məlum oldu. 9 mart 2023-cü il tarixində Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olan "4 MM AQRO” MMC də həmin şəxsin adına olub. Bu şirkətin də hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23 göstərilib. Nizamnamə kapitalı isə 10 manat olub.
Bu şirkət də 26.01.2023-cü ildə Dövlət Vergi Xidmətinin reyestr xidmətində rəsmi qeydiyyatdan keçib. Bu da “Saffira Plus” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır. Yeri gəlmişkən, hər iki şirkət 4 aydır ki, fəaliyyət göstərir. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci bəndində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. Sadəcə əlaqə telefonu və rəsmi internet səhifəsi olan bir şirkətin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.
"4 MM AQRO” MMC hətta yaranmasından 7 gün sonra tenderin qalibi olub. Həmin tenderi də Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi keçirib və tərəflər arasında maliyyə dəyəri 293 230 manat olan satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.
Bu idarə Sumqayıt Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. Mediada yer alan məlumatlara görə, Sumqayıt MKTİB-in rəhbəri Nüseyn Həsənov Zakir Fərəcovun yaxın qohumudur. Yaşıllaşdırma idarəsinin rəisi İlyas Həsənov Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşı İlyas Həsənovdur.