Moskvada görüşən Putin, Əliyev və Paşinyan Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər.
Kommersant.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşərək Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər.
Kreml sarayında Putin əvvəlcə Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirib.
Bu görüşlərdən sonra üç liderin bir araya gəldiyi görüşün əvvəlində Putin çıxış edib.
Görüşə dəvətə görə minnətdar olduğunu qeyd edən Putin, "Ümid edirəm ki, bu, uzun müddətdir müzakirə etdiyimiz bəzi məsələlərin praktiki həlli üçün yaxşı bir proloq olacaq" dedi.
Bu formatda keçirilən görüşdə çoxlu nailiyyətlər əldə etdiklərinə diqqət çəkən Putin 2020-ci ildə qarşıdurmaların bitdiyini, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanıldığını xatırladıb.
"Müəyyən çətinliklərə və problemlərə baxmayaraq, ümumilikdə vəziyyət həllinə doğru gedir. Onlardan biri də nəqliyyat əlaqələri ilə bağlı işlərdir. Hələ də həll olunmamış problemlər var, amma mən hesab edirəm ki, onlar yalnız texniki xarakter daşıyır", - deyə Putin bildirib.
Terminologiya ilə bağlı fikir ayrılıqlarına diqqət çəkən Putin bildirib ki, terminlər faktları və hadisələri dəqiq təsvir etməlidir.
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin bir həftə sonra bu məsələləri müzakirə edib həll etmək üçün bir araya gəlməsini təklif edən Putin, gələn həftə keçiriləcək bu görüş üçün Əliyev və Paşinyanın razılığını alıb.
Rusiya paytaxtında keçirilən üçtərəfli görüş ümumilikdə 20 dəqiqə davam edib.