"İsrail Prezidenti İshak Hersoqun Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcını qoyur".
Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov İsrail prezidentinin Azərbaycana rəsmi səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, bu səfər bir daha onu göstərdi ki, Azərbaycan və İsrail dövlətləri arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur:
"Bir çox fundamental məsələlərdə biz eyni mövqedən çıxış edirik, bu baxımdan da strateji tərəfdaşlarıq. Xüsusilə də İsrail dövlətində Azərbaycan səfirliyinin açılması nəticəsində iki dövlətin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və İsrail başçısı İshak Hersoqun mətbuat üçün birgə bəyanatında da bir daha qeyd olundu ki, münasibətlərimizin çox geniş perspektivi var və bu imkanlardan maksimum istifadə edilməlidir.
Prezident İlham Əliyev vurğuladı ki, iki dövlət arasında siyasi dialoq yüksək səviyyədədir və bir sıra sahələrdə əməkdaşlığımız çox sürətli inkişaf tempinə malikdir. Ölkəmizin başçısı bildirdi ki, iki dövlət arasında ticarət dövriyyəsinin 1,7 milyard dollara çatmasıın özü mühüm göstəricidir, imkanlar daha genişdir. Xüsusilə də bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi sahəsində iki dövlətin münasibətlərinin çox ciddi inkişaf əsasları vardır."
Elman Nəsirov qeyd edib ki, Azərbaycan İsrail dövlətinin enerji təhlükəsizliyinin, xüsusilə neftə olan tələbatının ödənməsində əsas iştirakçı dövlətlərdən biridir və bu sahədə əməkdaşlığımız yüksək səviyyədədir:
"Eyni zamanda qeyri-neft sektorunda əlaqələrin inkişafı da prioritet istiqamət kimi müəyyən edilib. Məsələyə bu xüsusda yanaşdıqda kənd təsərrüfatı sahəsində iki dövlətin münasibətlərinin inkişafı əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, irreqasiya və kənd təsərrüfatı sahəsində İsrail dövlətinin geniş təcrübəsi var və ondan Azərbaycanın bəhrələnməsi olduqca əhəmiyyətlidir.
Bundan əlavə, müdafiə-sənaye sahəsində də ikitərəfli münasibətlərimiz sürətlə inkişaf edir. İsrailin hərbi-sənaye kompleksi dünyada kifayət qədər böyük nüfuza malikdir. İsrail dövləti bu sahədə aparıcı dünya dövlətlərindən biridir və Azərbaycanın da İsraillə müdafiə sənayesi sahəsində çox sıx əlaqələri var. İkinci Qarabağ müharibəsində tarixi qələbəmizin əldə edilməsində İsrail dövlətidən aldığımız müasir tipli silahların da xüsusi rolu olduğunu qeyd etmək lazımdır.
Kibertəhlükəsizlik məsələlərində də ikitərəfli münasibətlərimiz inkişaf edir. Nəzərə alsaq ki, İsrailin bu sahədə də böyük təcrübəsi var, bu təcrübəni də paylaşması bizim üçün də olduqca əhəmiyyətlidir".
Həmsöhbətimiz əlavə olaraq qeyd edib ki, əməkdaşlığın əsas sahələrindən biri kimi müasir texnologiyadır:
"Turizm sahəsində hər iki dövlətin əlaqələrinin inkişafı üçün geniş potensial var və Azərbaycan Prezidentinin çıxışında da bu bir daha vurğulandı".
Yəhudui icmasının Azərbaycandakı fəaliyyəti haqqında danışan deputat qeyd edib ki, İsrail Prezidenti də qeyd etdi ki, Azərbaycanda bu gün yəhudi icması digər ölkələrdəki yəhudi icmaları üçün bir nümunədir, onların təhlükəsizliyi və rifahı üçün Azərbaycanda hər cür şərait var:
"Bu baxımdan Azərbaycan bir örnəkdir. İsrail rəhbəri bildirdi ki, İsrail dövlətinin 75 illiyi qeyd olunur, eyni zamanda Azərbaycanla İsrail arasındakı münasibətlərin də 31 illiyi qeyd olunur.
Sözün həqiqi mənasında hər iki dövlət bu gün beynəlxalq sülhün, əminamanlığın, təhlükəsizliyin təminatı sahısində çox ciddi işlər görür.
Eyni zamanda belə bir inam da hasil edildi ki, bundan sonra da Azərbaycanla İsrail arasında münasibətlərin inkişaf etdirilməsi üçün bütün imkanlar səfərbər edilməlidir və bu xüsusda hüquqi normativ bazanın da gücləndirilməsi əsas hədəflərdən biridir. Yeri gəlmişkən, İsxak Hersoqun ölkəmizə iki günlük rəsmi səfəri zamanı Azərbaycanla səhiyyə və tibb sahəsində əməkdaşlıq planı da təsdiqləndi.
Beləliklə, İsrail Prezidenti İshak Hersoqun Azərbaycana səfəri onu göstərdi ki, iki dövlətin arasındakı müasibətlərin inkişaf dinamikası kifayət qədər böyükdür, bunun geniş perspektivləri var və hər iki tərəf bu əməkdaşlıqda heç bir halda üçüncü tərəfi hədəfə almamışdır. Bu, regional və beynəlxalq təhlükəsizliyə xidmət edən beynəlxalq əməkdaşlıqdır."