“Bu daha çox Ermənistan tərəfinin növbəti təbliğatı, kampaniyasıdır”.
Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov erməni politoloq Arqişti Kviryanın rəsmi Bakının Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Deputat bunu cəmiyyətə verilmiş mesaj adlandırıb:
“Eyni zamanda bilirsiz ki, bu gün Ermənistan həm cəmiyyət, həm də dövlət olaraq sülhə hazır deyil. Onlar buna müəyyən zəmin yaratmaq üçün zaman-zaman belə məsələləri ortaya atırlar”.
Ceyhun Məmmədov əlavə edib ki, danışıqlar prosesində bu günə qədər bununla bağlı hər hansı müzakirənin şahidi olmamışıq:
“Əlbəttə, Azərbaycan Ermənistana qarşı müəyyən iddialar qaldıra bilər və qaldırmalıdır. Çünki Ermənistan bizə milyardlarla ziyan vurub. Lakin hazırki mərhələdə belə iddianın qaldırılması danışıqlar prosesinin pozulmasına səbəb ola bilər”.
Deputat hesab edir ki, bu gün Ermənistan sülh prosesinə hazır deyil:
“Paşinyan hökuməti bu prosesin daha da uzadılmasına və ləngidilməsinə çalışır. Bunun üçün müəyyən cəhdlər göstərir və addımlar atır.
Odur ki, bu kimi iddialar daha çox Ermənistanın daxili auditoriyası üçün hesablanıb”.
Ermənistanın Azərbaycana vurduğu ziyan haqqında danışan deputat hesab edir ki, bu məbləğ 50 milyarddan artıqdır:
“Bununla bağlı komissiyalar, dövlət qurumları işləyir, araşdırmalar aparılır. Gələcəkdə bu istiqamətdə müəyyən addımların atılması və iddialar qaldırılması planlaşdırılır. Amma məhz indiki vaxtda belə bir məsələnin ortaya atılması, Ermənistanın daxilində gedən proseslərlə bağlıdır. Düşünürəm ki, hazırki vacib məqam sülh müqaviləsinin imzalanması və komunikasiyaların açılmasıdır. Bu gün Azərbaycan da məzh buna çalışaraq tədbirlər görür”.
Erməni politoloq Arqişti Kiviryan news.am nəşrinə müsahibəsində deyib ki, rəsmi Bakı Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək. Əlavə olaraq bildirb ki, Nikol Paşinyan Qarabağı və “anklavlar”ı Azərbaycana verir. Onun fikrincə, ola bilsin ki, rəsmi Bakı Zəngəzur dəhlizini də öz yurisdiksiyasına verilməsini tələb edəcək. O, hətta Paşinyanı nə istədiyini bilməməkdə və Rusiya ilə münasibətləri korlamaqda ittiham edib.