Gədəbəyin Söyüdlü sakinlərinin etiraz aksiyası bir neçə gündür, ölkə gündəmindən düşmür. Sakinlərin etirazına səbəb Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılması olub. Sakinlər bildirirlər ki, sözügedən göl zəhərlidir, daşmaq üzrədir, daşsa, həm insanlar, həm də heyvanlar üçün ciddi təhlükə yaradacaq. Onların sözlərinə görə, Söyüdlü kəndində son bir ayda ən azı 10 nəfər xərçəng xəstəsi dünyasını dəyişib, uşaqlar raxit doğulur. Bunun səbəbinin isə göldəki Sianid turşusundan (HCN) qaynaqlandığını iddia edirlər. Gədəbəy rayon icra başçısı Orxan Mürsəlov ötən gün jurnalistlərin bununla bağlı sualına “Nə siz kimya mütəxəssisi deyilsiniz, nə də mən. Sianid turşusunun formulu nədir? Bilmirsiniz? Mən də bilmirəm. Bilmək məcburiyyətində də deyiləm. Sianidin zəhərli olması ilə bağlı sosial şəbəkələrdə deyilib, yaxud kimsə yoldan keçəndə kiminsə qulağına deyib... Hamısı dedi-qodudur...” deməsi isə müzakirələri daha da artırıb.
Pravda.az-ın əməkdaşı Sianid turşusunun zəhərli olub-olmadığı, bu maddənin xərçəng yaratması barədə iddialara aydınlıq gətirmək üçün tanınmış onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Müseyibovla əlaqə saxlayıb.
Həkim suallarımıza cavab olaraq bildirib ki, Sianid turşusu zəhərli maddədir: “Bəli, çox zəhərli maddədir. Orqanlara mənfi təsir göstərir. Lakin Sianiddən zəhərlənmə həmin an ölümə səbəb olmur, belə bir şey yoxdur. İstənilən halda, məsələ dəqiq araşdırılmalıdır. Bu maddənin xərçəng xəstəliyi yaradıb-yaratmadığı barədə hələ ki bir şey tapılmayıb, araşdırılmayıb. Ümumiyyətlə, xərçəngin tam dəqiq nədən yarandığını yüz faiz heç kim bilmir. Deyilənlər, sadəcə, fərziyyələrdir. Bu xəstəliyi insanda qida da yarada bilər, günəş şüası da, stress də... Xərçəngin yaranma səbəbləri çoxdur. Nikotin, alkoqol da xərçəng yarada bilər. Yüz faiz deyə bilmirik ki, xərçəng xəstəliyini məhz nə yaradır. Çünki genetik faktor da bu məsələdə mühüm rol oynayır. Ona görə də bu barədə tam dəqiq bir söz demək olmaz”.