Praktikada tenderdə iştirak edən şirkətlərə təzyiq edirlər ki, tenderdən geri çəkil.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, komissiya tərəfindən hansısa şirkətə son qiymət də gizli şəkildə ötürülür və özünə yaxın şirkət tenderdə qalib edilir: “Komissiyaya tenderə qatılan şirkətlər barədə məlumatlar verilməməlidir. Çünki komissiya üzvləri qanunsuzluqlara yol verir. Biz bunları edə biləcəyiksə, şəffaflığa nail ola biləcəyik”.
Deputat Razi Nurullayev qeyd edib ki, tender zamanı bir işin bazar qiymətinin 100 manat olduğu halda 70 manat qiymət qoyanlar da olur və onlar qalibdir: “Nəticə isə acınacaqlıdır. İş çox bərbad görülür, keyfiyyət sıfır, dayanıqlıq sıfır, vaxtında iş təhvil verilmir. Bir ildən sonra tökülüb dağılır və dövlətin qoyduğu vəsait göyə sovrulur. Bilirsiniz bu nəyə bənzəyir? Bazarda quzu əti 18 manatdır, kimsə 12 manata quzu əti təklif edir. Belə çıxır ki, 12 manata alınan quzu əti ya at əti, ya da xəstə, qoca heyvan ətidir. Gətirib közə qoyub kabab çəkdin, dadı yox, bərk, az qalır dişləri sındırsın. Atırlar itə, ya da pişiyə. Ona görə də bu məsələlər də nizamlanmalıdır. İşin real və keyfiyyətli yerinə yetirilməsi üçün real qiymətlər lazımdır. Amma, bu məsələdə də nəzərə alacağımız məqamlar var. Qanuna belə dəyişiklik çox əyri yollara da apara bilər. Qiyməti və bazarı bəhanə edib tenderləri razılaşdırılmış şirkətlərə ötürmək təhlükəsi də yaranır. Bunun qarşısı necə alınacaq, necə monitorinq aparılacaq və hansı nəzarət mexanizmləri işə salınacaq? Qanunu tam dəstəkləməyimiz üçün bu nüansları da bilməyimiz vacibdir”./APA