“Əvvəla, onu qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən dövlət olaraq beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təminatına çox böyük dəstək, bu prosesə töhfələr verən bir ölkədir".
Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov sabah Bakıda fəaliyyətə başlayacaq Qoşulmama Hərəkatının iclası haqqında danışarkən deyib.
Elman Nəsirov bildirib ki, Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq aləmə sülh çağırışları edilir və xüsusilə ölkəmizin sədrliyi çox mürəkkəb bir dövrə - pandemiya dövrünə təsadüf edib:
"Pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin təşkili baxımından da Azərbaycan müstəsna rol oynadı”.
“İclas zamanı Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları ilə bağlı məsələlərə toxunula bilərmi” sualına cavab olaraq Milli Məclisin deputatı bildirib ki, Azərbaycan özü də Ermənistanın təcavüzünə məruz qalmış bir dövlətdir və Qoşulmama Hərəkatının üzvləri də Azərbaycanın torpaqlarını hərbi və hərbi-siyasi yolla geri qaytardığının və tarixi zəfərə imza atdığının fərqindədirlər:
“Onlar bunu təqdir edirlər. Bu prosesdə Azərbaycana dəfələrlə dəstək veriblər və BMT Baş Məclisi çərçivəsində də biz bu dəstəyi görmüşük. BMT Təhlükəsizlik Şurası çərçivəsində də biz bu dəstəyin ifadə olunduğunun fərqindəyik. Bəli, istisna deyil ki, danışıqların gedişatında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması məsələlərinə də toxunulsun və xüsusilə də Qoşulmama Hərəkatının potensialından da bu istiqamətdə istifadə edilməsi olduqca mühüm məsələlərdən biridir”.
Elman Nəsirov əlavə edib ki, iyulun 5-6-da Qoşulmama Hərəkatının Bakı şəhərində növbəti iclasının keçirilməsində məqsəd, nazirlər səviyyəsində görüşə hazırlıqla bağlıdır. Yüksək vəzifəli şəxslərin məhz həmin iclası təşkil etmək üçün toplandığı vurğulanır:
“İnanırıq ki, bu hərəkat beynəlxalq münasibətlər sistemindəki xüsusi yerə və çəkiyə və Cənubi Qafqazda sülh prosesinin uzunmüddətli təminatı işinə də töhfələr vermək potensialına malikdir”.