USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT Rusiyanın taxıl dəhlizi sazişini müzakirə edəcək

20.07.2023 Siyasət
21 41
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişini ləğv etmək qərarını müzakirə etmək üçün sabah fövqəladə iclas keçirəcəyini açıqlayıb.

Kommersant.az xəbər verir ki, BMT TŞ-yə sədrlik edən Böyük Britaniyanın Daimi Nümayəndəsi sosial media hesabında paylaşdığı mesajla görüşü açıqlayıb. Mesajda Ukrayna üzrə sessiyanın sabah səhər saatlarında keçiriləcəyi bildirilib.

Mesajda şuranın Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinə xitam verməsindən sonra toplanmağa qərar verdiyi qeyd edilib və Rusiyanın qərarının humanitar vəziyyətə təsirlərinin müzakirə ediləcəyi bildirilib.

Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Kremlin sözçüsü Dmitriy Peskov, müddəti bitmiş Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsi ilə bağlı verdiyi açıqlamada, "Taxıl dəhlizi müqaviləsi əslində sona çatdı, dayandırıldı. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl müqaviləsinə qayıdacaq. Razılaşmanın Rusiya ilə bağlı hissəsi yerinə yetirilmədi" sözlərini işlədib.

BMT-nin baş katibi Antonio Guterres bu qərardan "dərin təəssüfləndiyini" bildirib və Rusiyanın bugünkü qərarının bütün ehtiyacı olanlara zərbə vuracağını bildirib.