USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev dedi və etdi! Bölgənin dünyanın gözü qarşısında dəyişən düzəni - VİDEO

05.10.2023 Siyasət
0 0
Bir qarış torpağımızı belə düşmənə güzəştə getmədik, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol vermədik, 30 il əvvəl işğal olunmuş torpaqlarımızı azad edib, ora qayıtdıq, biz ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Bunun belə olacağını hələ öncədən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi müddət ərzində müxtəlif məqamlarda dəfələrlə, təkrar-təkrar demişdi. "Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm”, - ifadəsi də dövlət başçımıza məxsusdur. Və budur, dedi və etdi!

Erməni hərbi birləşmələri Azərbaycan torpaqlarından qovuldu. Artıq Azərbaycanın hər bir yaşayış məntəqəsində üçrəngli bayrağımız dalğalanmaqdadır. Bu isə Azərbaycanın Qarabağın hər qarışında suverenliyini bərpa etməsi deməkdir.

Baxmayaraq ki, işğal faktı 30 il əvvəl başa çatdıqdan sonra BMT-nin 4 məlum qətnaməsinin icrası bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupuna həvalə edildi, adı çəkilən qurumdan bu istiqamətdə nəyinki bir addım atdığına şahid olduq, heç Ermənistana gözün üstə qaşın var dediyini nə eşitdim deyən oldu, nə gördüm...

İşğal dövründə bir santimetr belə torpağın qaytarılmasını təmin etmək üçün özünə əziyyət verməyib, yalnız "səfər diplomatiyası" ilə məşğul olan Minsk qrupunun mövqeyi "Münaqişənin hərbi yolla həlli variantı yoxdur, yalnız sülh danışıqları vasitəsilə torpaqlar azad oluna bilər” oldu ki, bu da Ermənistanı cəzasızlıq sindromuna alışdırdı.

Həmsədir ölkələrin biri bu müddət ərzində bir dəfə də Ermənistana "işğalçı”demədi, işğalçı ilə işğala məruz qalanı fərqləndirmədi, daim tarazlaşdırmağa çalışdı, Ermənistana "işğal etdiyin ərazilərdən çıx” (BMT-nin 4 qətnaməsinə uyğun olaraq) söyləmədi, heç bir sanksiya tətbiq etmədi.

Bütün bunlar azmış kimi, Minsk Qrupunun həmsədr dfövlətləri - başda Fransa olmaqla fəaliyyəti ilə danışıqları uzatmağa, yaranan "reallıqla” Azərbaycan tərəfini barışdırmağa çalışmaqdan başqa müsbətə doğru heç bir iş görmədi. Əvəzində Ermənistanın silahlanmasına, işğal ərazilərində möhkəmlənməsinə, Azərbaycan torpaqlarına xaricdən qanunsuz məskunlaşdırmaq və dekoqrafik vəziyyəti xeyirlərinə dəyişmək üçün yeni erməni ailələri gətirilərək kütləvi surətdə məskunlaşdırılmasına imkan yaradıldı.

Həm Ermənistan hakimiyyəti, eləcə də ona havadarlıq edən dövlətlər və beynəlxalq təsisatlar Azərbaycan dövlətinin, Prezidenti İlham Əliyevin bütün xəbərdarlıqlarına soyuq yanaşdı. Bunlardan ruhlanan ermənilər isə nəinki özlərini işğal etdikləri ərazilərin sahibi kimi aparırdılar, hətta "yeni torpaqların işğalı üçün yeni müharibə” ilə hədələməyə başlamışdılar. Rəsmi İrəvanın ritorikasında da 3-4 il əvvəl bu rahatlıq, cəzasızlıq sindormundan qaynaqlanan təhdid, işğal mövzusu daha da intensiv hal aldı ki, nəticədə də 44 günlük Vətən müharibəsi qaçılmaza çevrildi.

Havadarlarının, hamilərinin şirin vədlərinə uyan Ermənistan Azərbaycan Prezidentinin xəbərdarlıqlarına məhəl qoymamağın acı nəticəsini 44 günlük savaşda gördü. Zaman göstərdi ki, Azərbaycanın Ali Baş Komandanının sözləri sadəcə hədə-qorxu yox, ciddi xəbərdarlıqlar imiş!

Necə ki, eyni xəbərdarlıqları dövlət başçısı son 3 ildə Qarabağda mövcudluğunu qoruyub saxlamaq üçün çıxmadığı oyun, döymədiyi qapı qoymayan qondarma rejim qalıqlarına edirdi. Lakin xüsusilə də son dövrlər separatçı rejim Prezident İlham Əliyevin xəbərdarlıqlarına məhəl qoymayıb, vəziyyəti daha da gərignləşdirməyi seçdi. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yeni səngərlər qazıb, istehkamlar quran, silahlanmağa davam edən, fortifikasiya qurğuları quraşdırmağa davam etməkləri azmış kimi, bölmələrimiz istiqamətində mütəmadi təxribatlar törətməkdən də qalmadı.

Nəticə etibarı ilə 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri kifayət etdi ki, qondarma rejim ağ bayraq qaldırıb, təslim olduğunu elan etsin. 17 il mənasız sülh danışıqlarına, ermənilərin ərköyünləşdirilməsinə və qudurdulmasına dözən, sona qədər torpaqları sülh yolu ilə, hansısa dəxlisiz beynəlxalq qurumların hazırladığı baza prinsiplərinə əsasən həllinə çalışan Azərbaycan, nəhayət öz ərazi bütövlüyünün tamamına Ordusunun keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində nail oldu.

Prezident İlham Əliyev bu qələbəyə uzun yol qət etdi, bir neçə mühüm sahədə - qüdrətli dövlət, güclü ordu quruculuğu ilə yanaşı, beynəlxalq təşkilat və qurumlarla, diplomatiya sferasında, habelə informasiya cəbhəsində də yorulmadan çalışdı. Rəhbərliyə başladığı ilk günlərdən daim düşünülmüş, uzaqgörən siyasət yeridən, məqsədə çatmaq yolunda həmişə hesablanmış, ölçülü-biçili addımlar atması ilə diqqət mərkəzinə düşən Prezident İlham Əliyev Ali Baş Komandanı olduğu Ordusu və Xalqı ilə bağlı ən çətin missiyaların öhdəsindən qətiyyətlə gəlməyi bacardı.