USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılacaq

08.12.2023 Siyasət
0 1
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılacaq.

Kommersant.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.

Qanun layihəyə əsasən, Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.
Qiymətləndiricilər Palatasının fəaliyyəti bu Qanunla, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu və Qiymətləndiricilər Palatasının nizamnaməsi ilə tənzimlənir.

Qiymətləndiricilər Palatası:

- qiymətləndirmə fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
-. qiymətləndirmə üzrə yanaşma və metodları təsdiq edir;
- bu Qanunun tələblərinə uyğun olaraq Qiymətləndiricilər Palatasına üzvlüyə qəbul edir və ya üzvlüyə xitam verir, üzvlük haqqının məbləğini və ödənilmə qaydasını müəyyən edir;
- qiymətləndiricinin etik davranış qaydalarını təsdiq edir və üzvləri tərəfindən bu qaydaların tələblərinə riayət edilməsinə nəzarət edir;
- qiymətləndiricilərin əlavə təhsilinin təşkili üçün tədbirlər görür;
- dövlət orqanları (qurumları) və yerli özünüidarə orqanları, habelə qiymətləndiricilərin beynəlxalq peşə birlikləri ilə münasibətlərdə üzvlərinin mənafelərini təmsil edir;
- üzvlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə edir;
- hazırkı üzvlərinin və keçmiş üzvlərinin reyestrini ayrılıqda aparır və rəsmi internet səhifəsində hər bir üzvün adı, soyadı, atasının adı, iş stajı, təhsili, ixtisas şəhadətnaməsinin və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsinin mövcudluğu və sığortaçı barədə məlumatları yerləşdirir;
- üzvlərinin fəaliyyəti ilə bağlı sifarişçilərin və digər şəxslərin müraciətlərinə baxır;
- üzvlərinə bu Qanunla müəyyən olunmuş qaydada intizam tənbehi tətbiq edir;
- üzvlərinin informasiya və metodiki təminatını təşkil edir;
- ildə bir dəfə hesabat ilindən sonrakı ayın 20-dən gec olmayaraq öz fəaliyyəti və üzvlərinin fəaliyyəti haqqında məlumatı öz rəsmi internet səhifəsində yerləşdirir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.