USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbədənkənar prezident seçkiləri xüsusi əhəmiyyət daşıyır - DEPUTAT

08.12.2023 Siyasət
0 0
2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri xüsusi əhəmiyyət daşıyır, çünki bu seçkilər bütöv Azərbaycan ərazisində keçirilən ilk seçkilər olacaq. Bu seçkiləri zəfər seçkiləri də adlandırmaq olar.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.

“Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilən zaman xalqa verdiyi sözə tam əməl etdi. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək, Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı, bütün sahələrdə, o cümlədən, ordu quruculuğu sahəsində geniş islahatlar həyata keçirildi, dayanıqlı iqtisadiyyata nail olundu, ordumuz dünyanın ən güclü ordularından birinə çevrildi, ölkəmiz beynəlxalq nüfuzunu və mövqeyini gücləndirdi, etibarlı tərəfdaşa çevrildi.

Bütün bu uğurlarla yanaşı, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı”, - deyə deputat bildirib.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq növbədənkənar prezident seçkilərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar.

“Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda, misal üçün hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər.

Bu gün Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi üçün bütün şərait və imkanlar mövcuddur və ölkəmiz demokratik və şəffaf seçkilərin keçirilməsi sahəsində geniş təcrübəyə malikdir.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.

“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyə deputat əlavə edib.

  • Əvvəlki

    Rus hərbi ekspert: Rusiya və Türkiyə birlikdə döyüş təyyarələri istehsal edə bilər

Digər xəbərlər