USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şimali Koreya Cənubu yenidən müharibə ilə hədələyir

10.01.2024 Siyasət
0 0
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “əsas düşmən” adlandırıb və bu ölkə ilə müharibədən qaçmaq niyyətində olmadığını bildirib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim yanvarın 8-9-da ölkədəki mühüm silah-sursat fabriklərinə baş çəkib və onlara baxış keçirib.

Bu səfərlər zamanı etdiyi çıxışlarda Kim Cənubi Koreyanı “əsas düşmən” kimi xarakterizə edib və “özünümüdafiə və nüvə qarşısının alınması üçün hərbi qabiliyyətin artırılmasının” bu ölkə ilə münasibətlərdə prioritet olması lazım olduğunu vurğulayıb.

Kim Cənubi Koreyaya qarşı "birtərəfli müharibə" başlatmayacağını, lakin "müharibədən qaçmaq niyyətində olmadığını" ifadə edərək, "Cənubi Koreya Şimali Koreyaya qarşı silahlı qüvvələrini istifadə etməyə cəhd edərsə və ya onun suverenliyini və təhlükəsizliyini təhdid edərsə, bütün imkanlarımızı səfərbər edib Cənubi Koreyaya qarşı mübarizə aparacağıq" dedi.

Yeni silah və texnika istehsal edən fabriklərdən məmnunluğunu ifadə edən Kim, ölkənin döyüş hazırlığının yüksəldilməsi üçün daha çox çalışmalı olduqlarını tapşırıb.