Xəbər verdiyimiz kimi, ötən gün – yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Kommersant.az xəbər verir ki, müsahibə zamanı jurnalist Mirşahin Ağayev Prezidentə maraqlı sual ünvanlayıb.
Həmin sualı və Prezidentin cavabını təqdim edirik:
Mirşahin Ağayev: Dörd il bundan qabaq yanvar ayının 21-də Davos İqtisadi Forumunda Sizə bir moderator sual vermişdi: Cənab Prezident, Avrasiyada xeyli qüvvələr birləşib, Rusiya və Çin xatırlanmışdı və belə bir sual verilmişdi ki, Azərbaycan Prezidenti olaraq Siz, ilk növbədə, kimə zəng edərdiniz?
Mən o sualın da, cavabın da verildiyi an orada idim və bu gün həmin sualı təkrarlamaq istəyirəm. Niyə? Ona görə ki, o sual veriləndə Azərbaycan hələ 20 faiz əskik idi, ərazi bütövlüyümüz bərpa olunmamışdı. Bu gün dövlət müstəqilliyini, suverenliyini bərpa etmiş bir Liderə bu sualı vermək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti kimi Siz kimə zəng edərdiniz?
Prezident İlham Əliyev: Prinsipcə, deyə bilərəm ki, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır.
Adətən hər hansı bir mövzu olanda Xarici İşlər Nazirliyi vasitəsilə bu mesajlar göndərilir, ya da ki, köməkçim vasitəsilə. Mən dövlət başçılarının bəzilərini ancaq onların doğum günlərində telefonla zəng edib təbrik edirəm. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur. Prezident Putinlə də dəfələrlə söhbətim olmuşdur. Çünki bilirsiniz ki, Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və mən də şərtləri qoymuşdum. Mən hələ oktyabrın ilk ongünlüyündə aramızda olan telefon söhbəti zamanı demişdim ki, biz dayanmağa hazırıq, amma şərtlərimiz var. Onlar bizim torpağımızdan çıxmalıdır və mənə tarix verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Mən artıq bunu Azərbaycan ictimaiyyətinə də dedim, yəqin ki, yadınızdadır. Mənim televiziya çıxışlarım da yəqin yadınızdadır ki, Ermənistan bizə vaxt versin, tarix versin və biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq. Ona görə təmaslar daha çox bunun ətrafında idi və əlbəttə ki, noyabrın 9-da, dediyim kimi səhərdən noyabrın 10-da erkən saatlara qədər bu razılaşma, mətn razılaşması prosesi getmişdir. Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən tərəfimdən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.