Lavrov Rusiyanın NATO ilə münasibətləri haqqında: Moskvanın alyansın planlarından xəbəri yoxdur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalını dəyərləndirib. O, bu barədə “Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” proqramına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskvanın NATO ölkələrinin planlarından xəbəri yoxdur. “Ancaq görünür, onlar ya almanlar kimi hiyləgər olacaq, ya da deyəcəklər ki, bunlar sadəcə olaraq oturub ukraynalıların nə etdiklərini izləyən təlimatçılardır”, - deyə Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, blok Rusiya tərəfindən alyansa üzv olan ölkələrə qarşı hərbi təhlükə görmür. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı hərbi baxımdan Rusiyadan üstündür.
Öz növbəsində Krımdan olan senator Sergey Tsekov bildirib ki, NATO-nun əsas məqsədi və vəzifəsi müdafiə deyil, Rusiyanın zəiflədilməsi və parçalanmasıdır.