“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
Kommersant.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Cənubi Qafqaz tarixən sabit bölgə olmayıb və regionda marağı olan güclər daim bu mürəkkəb geosiyasi situasiyadan məharətlə istifadə ediblər:
“Elə son dövrlərə qədər Azərbaycan və Ermənistan arasında 30 il davam etmiş münaqişənin davamlılığına dəstək verməklə bir sıra Qərb dairələrinin işğal və separatizmə öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşdığına şahidlik etmişik. Lakin Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində Ermənistan və havadarlarını kapitulyasiyaya məcbur etməklə vəziyyəti köklü şəkildə dəyişdi.
Faktiki olaraq, Fransa başda olmaqla, çoxsaylı imperialist dairələr işğal və separatizm amilləri ilə Azərbaycana təsir imkanlarından tam məhrum oldular. Lakin Prezident İlham Əliyevin ötən ay andiçmə mərasimində də qeyd etdiyi kimi, “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri zamanı sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.
Deputat qeyd edib ki, zəfərlərinin ardınca Azərbaycana qarşı BMT TŞ, Avropa Parlamenti, AŞPA kimi müxtəlif platformalarda açıq hücumlar müşahidə olundu və zərərsizləşdirildi:
“Həmçinin, Azərbaycanda təxribata hazırlaşan Fransa xüsusi xidmət orqanlarının nəhəng şəbəkəsi ifşa edildi. Lakin anti-Azərbaycan dalğası hələ də sakitləşməyib və bu mənada, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şərtdir. Azərbaycan xüsusi xidmət orqanları, o cümlədən Azərbaycan polisi ictimai qayda və ictimai təhlükəsizliyi, habelə dövləti, cəmiyyəti və milli maraqları təhdid edən qəsdləri peşəkarlıqla sıradan çıxarır.
Məhz buna görə də İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan üçün daxildə hər hansı bir təhlükə, təhdid yoxdur. Xüsusən, son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində bir sıra cinayətkar qəsdlərin qarşısının alınması bir daha sübut edir ki, vahid dövlət siyasətinə əsaslanan milli təhlükəsizliyimizin təmin olunması istiqamətlərinin tarazlaşdırılması, aidiyyəti orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, həmçinin beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiyasının mövcudluğu şəraitində xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması ən yüksək səviyyədə təmin edilir. Lakin Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
B.Məhərrəmov əlavə edib ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir:
“Xüsusən, nəzərə alsaq ki, xarici təhdidlər hələ də mövcuddur və Prezidentin fevralın 14-də parlamentdə də dediyi kimi, bizə qarşı elə qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Bu mənada, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir.
İndiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə məhz quru sərhədlərin bağlı qalması fonunda bu təhdidlər Azərbaycana yol tapa bilmir. Lakin unutmamalıyıq ki, quru sərhədlərin bağlı saxlanması sadə məsələ deyil. Yalnız güclü və suveren dövlət indiki həssas məqamda özünün təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə, o cümlədən quru sərhədini bağlı saxlaya bilər”.
“Azərbaycan isə bu güc və imkana sahibdir və məhz sərhədlərlə bağlı qərar milli maraqlarımızı hədəfə almış dairələrin əl-qolunu bağlayır. Regionda qeyri-sağlam maraqlar güdən güclərin bütün mümkün vasitələrdən, o cümlədən ölkə daxilində beşinci kolondan istifadə etməklə Azərbaycanı quru sərhədlərini açmağa məcbur etməyə çalışması bir daha göstərir ki, dövlət bu qərarında nə qədər haqlıdır. Təbii ki, heç kim Bakının siyasi iradəsinə təsir edə bilməz və bu qətiyyət Azərbaycanı daha təhlükəsiz coğrafiyaya çevirməkdədir. Nəticə etibarilə İlham Əliyevin 10 may 2023-cü ildə Şuşadan da ifadə etdiyi kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.