USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tokayev daşqınlarla bağlı xalqa müraciət etdi

06.04.2024 Siyasət
0 0
Qazaxıstanda mart ayında başlayan geniş miqyaslı daşqınlar respublikada son 80 ildə baş verən ən böyük təbii fəlakətdir.

Kommersant.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu xalqa müraciətində deyib. Onun çıxışı ölkənin bütün televiziyaları ilə canlı yayımlanıb.

“Qazaxıstan uzun illərdir misli görünməyən təbii fəlakətlə üzləşib. Ola bilsin ki, miqyasına və nəticələrinə görə bu, son 80 ilin ən böyük fəlakətdir”, - deyə Kasım-Jomart Tokayev bildirib.

Dövlət başçısının sözlərinə görə, daşqınlar səbəbindən ölkənin 10 regionunda fövqəladə vəziyyət rejimi elan edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, daşqınlar nəticəsində Akmola, Aktobe, Atırau, Kostanay, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində 3 mindən çox fərdi yaşayış binası və həyətyanı sahə su altında qalıb, 70 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. Təhlükəli ərazilərdə yaşayan 46 min 755 nəfər, o cümlədən 14 min 589 uşaq təxliyə edilib. Xilasetmə əməliyyatına 8,6 mindən çox insan və 1,7 min ədəd texnika, həmçinin 411 su nasosu və 65 qayıq, o cümlədən 10 təyyarə cəlb olunub.

Qazaxıstan prezidenti aprelin 4-də Qərbi Qazaxıstan vilayətinə səfər edərək yaranmış vəziyyətlə tanış olub. Orada operativ qərargahın iclasını keçirən Kasım-Jomart Tokayev xilasedicilər və könüllülərlə görüşüb, təxliyə məntəqəsinə baş çəkib.