Belçika gələn bazar günü ölkənin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən Avropa Parlamenti və federal parlament seçkiləri üçün sandıq başına gedəcək.
Rəy sorğularına görə, Belçikanın bölünməsini müdafiə edən ifrat sağçı Flaman Maraq Partiyasının (Vlaams Belang) seçkidə birinci olacağı gözlənilir.
BBC Türkcədə yer alan xəbərə görə, Belçikada təxminən 8,5 milyon seçici iyunun 9-da 6 fərqli seçki bülleteni ilə sandıq başına gedəcək.
Seçicilər Avropa Parlamentinə, Federal parlamentə, Flaman Parlamentinə, Fransızdilli Valon Parlamentinə, Brüssel Bölgəsi Parlamentinə və Almandilli İcma Parlamentinə üzv olmaq üçün səs verəcəklər.
Bunlardan ən əhəmiyyətlisi, şübhəsiz ki, 150 nəfərlik Federal Nümayəndələr Palatasının müəyyənləşəcəyi seçkilərdir.
İctimai rəy sorğularına görə, ölkə əhalisinin təxminən 60 faizini təşkil edən Flamand əhalisinin müstəqilliyini müdafiə edən partiyalar açıq-aşkar öndədir.
Mühacirətlə mübarizəyə və ölkədə İslamın təsirinə əsaslanan ifrat sağçı Vlaams Belanq təxminən 27 faiz səslə birinci yerdədir.
Milliyyətçi Yeni Flaman Alyansı (N - VA) 20 faiz səslə ikinci yerdədir.
Bütün sorğular ifrat sağçıların seçkilərdə ən böyük blok kimi çıxacağını proqnozlaşdırır.
Bu səbəbdən seçki təbliğatı Vlaams Belanqın vədləri və ritorikası ətrafında cərəyan edir. İfrat sağçıların vurğuladığı ən mühüm məsələlərdən biri Flamand sektorunun müstəqilliyidir.
Vlaams Belanq "Gələcəyimizi öz əlimizə alırıq" şüarı ilə ölkənin təxminən 30 faizini təşkil edən Valon sektorundan ayrılmağı müdafiə edir.
Flamand millətçiləri və ifrat sağçılar nisbətən yoxsul valonları “yük” kimi görürlər.
“Ölkə bölünəcək, məcburi hərbi xidmət gələcək”
İfrat sağçıların digər vədi isə Belçikaya sığınacaq və immiqrasiyanın qarşısını almaqdır.
Xüsusilə anti-İslam baxışları ilə tanınan Vlaams Belanq “qeyri-Avropalı immiqrantlar üçün ayrıca sosial təminat və sağlamlıq fondu” yaratmağı vəd edir.
İfrat sağçı partiya həm də LGBT+ əleyhinə baxışları ilə seçilir. Buna görə də, gender müzakirəsi də Belçika seçkilərinin mühüm mövzusuna çevrilib.
Sol partiyalar bu xülasəni ifrat sağçı Vlaams Belanqın seçki proqramından çıxarırlar:
“Ölkə parçalanacaq, qadınlar mətbəxdən çıxmayacaq, gey cütlüklər uşaq sahibi ola bilməyəcək, gənclər məktəbdə döyüşməyi öyrənəcək, hamı əsgərliyə getməyə məcbur olacaq”.
Vlaams Belang lideri Tom Van Grieken televiziya debatları zamanı cinsiyyətin dəyişdirilməsi əməliyyatına qarşı olduğunu açıq şəkildə bildirdi.
LGBT+ hüquqları ilə bağlı ifrat sağçı lider deyib: “Biz pasportları və tualetləri də dəyişməyəcəyik. “Düşünmürəm ki, biz hamımız bəzi insanların hiss etdiyi duyğulara uyğunlaşmamalıyıq.
İfrat sağçılar qadınları 30 yaşından əvvəl ana olmağa təşviq edən qaydaları müdafiə edirlər.