ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki mitinqində kürsüdə çıxış edərkən güllə kimi partlayışlar nəticəsində sağ qulağından yaralanıb.
Sosial mediada paylaşılan görüntülərdə Tramp ştatın Butler şəhərində podiumda çıxış edərkən 7 atəş səsinə bənzər partlayış səsi eşidilib.
İlk partlayışdan sonra Tramp podiumda sağ qulağını tutaraq görüntülənib. Partlayışlar davam edərkən mühafizəçilər kürsüyə qalxaraq Trampı mühasirəyə alıblar.
Partlayışlar mitinqdə iştirak edən vətəndaşlar arasında da panika yaradıb.
Mühafizəçilər onu podiumdan çıxarmazdan əvvəl Trampın yumruğunu havaya qaldırdığı, sağ yanağından qan axdığı görülüb.
Mitinq ərazisində çaxnaşma davam edərkən, mühafizəçilər təcili olaraq Trampı zirehli maşınına aparıblar.
Donald Tramp hadisədən sonra verdiyi ilk açıqlamada “Yaxşıyam və tibbi müayinədən keçirəm” deyib.
Donald Trampın sözçüsü Stiven Çeunq seçki mitinqində baş verən insidentlə bağlı açıqlama verib:
"Prezident Tramp bu iyrənc hərəkət zamanı tez hərəkət edən mühafizəçilərə və ilk müdaxilə edənlərə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində yoxlanılır. Ətraflı təfərrüatlar gələcək".
Batler rayon prokuroru Riçard Qoldinqer hadisə ilə bağlı açıqlama verib.
Trampın Pensilvaniya ştatında seçki kampaniyası zamanı baş verən hadisə ilə bağlı məlumat verən Qoldinqer, “Seçki kampaniyası zamanı baş verən hücumda atəş açan şəxs və hadisə yerində olan bir nəfər həlak oldu” dedi.
ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa Pensilvaniya ştatında seçki kampaniyası zamanı hücum mitinq sahəsinin kənarından həyata keçirilib.