USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lufthansa və Air France Yaxın Şərqə uçuşları dayandırmaq qərarını uzadıb

13.08.2024 Siyasət
0 0
Almaniyada yerləşən Lufthansa aviaşirkəti avqustun 21-dək Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların olmayacağını açıqlayıb.

Almaniyada yerləşən Lufthansa aviaşirkəti Yaxın Şərqə uçuşları dayandırmaq qərarını uzadıb.

Qrupun bu gün verdiyi açıqlamada Yaxın Şərqdə qarşıdurmaların artması ilə bağlı narahatlıqlar səbəbilə avqustun 21-dək Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların həyata keçirilməyəcəyi bildirilib.

Lufthansa e-poçt vasitəsilə verdiyi açıqlamada, bu müddət ərzində İran və İraq hava məkanından istifadə etməyəcəyini deyib.

Lufthansa Qrupuna həmçinin Eurowings, Swiss, Austrian Airlines və Brussels Airlines kimi şirkətlər daxildir.

Digər tərəfdən, Fransanın Air France və onun törəmə şirkəti Transavia France bu gün bölgədə davam edən gərginlik səbəbiylə Beyruta uçuşların dayandırılmasını 14 avqust Çərşənbə gününə qədər uzatdıqlarını açıqlayıb.

Air France-dan verilən açıqlamada, iyulun 29-dan etibarən uçuşların "Livanda təhlükəsizlik vəziyyəti" ilə əlaqədar dayandırıldığı və onların bərpasının "yerdə vəziyyətin yeni qiymətləndirilməsinə tabe olacağı" bildirilib.

Aviaşirkət, "müştərilərinin və ekipajının təhlükəsizliyinin mütləq prioritet olduğunu" söyləyib. Avqustun 18-dək uçuşlar üçün rezervasiya etmiş müştərilər səyahətlərini pulsuz ləğv edə və ya dəyişdirə biləcəklər.

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı gözlənilən cavabı bölgədəki hava yolları şirkətlərinin uçuşlarına təsirini davam etdirir.