USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ və Yaponiyanı Cənubi Çin dənizində problem yaratmaqda ittiham edir

17.08.2024 Siyasət
0 0
Çin Müdafiə Nazirliyi ABŞ və Yaponiyanın Cənubi Çin dənizində “problem yaratdığını” iddia edib.

Sinxua agentliyinin xəbərinə görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang ABŞ və Yaponiyanın fəaliyyəti ilə bağlı açıqlama verib.

Söz mövzusu ölkələri Cənubi Çin dənizində "bəla yaratmaqda" günahlandıran Zhang, "Çin inanır ki, ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq heç bir üçüncü tərəfi hədəf almamalı və regional sülh və sabitliyi pozmamalıdır" deyib.

Sözçünün bu bəyanatı ABŞ-ın iyulun 30-da Filippin silahlı qüvvələrinin və sahil mühafizəsinin modernləşdirilməsi proqramına 500 milyon dollar dəstək verəcəyini elan etməsindən və Filippin və Yaponiyanın mübahisəli Cənubi Çində ilk ikitərəfli dəniz təlimini keçirməsindən sonra verilib.

Cənubi Çin dənizi mübahisəsi

İkinci Dünya Müharibəsindən sonra sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra Cənubi Çin dənizi suverenliklə bağlı mübahisələrin predmetinə çevrilib.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir. Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgədə hüquq iddiasındadırlar.

Bölgədəki adalar, riflər, qayalar və dəniz bəndləri, xüsusilə Parasel və Spratli adaları üzərində suverenlik mübahisələri zaman zaman ölkələr arasında gərginliyə səbəb olur.

ABŞ, eləcə də region ölkələri Çinin mübahisəli adalarda hərbi bazalar tikməsinə və mülki gəmi donanmalarını uzun müddət saxlamasına qarşı çıxır.