Avropa İttifaqı Komissiyasının beynəlxalq tərəfdaşlıqdan məsul üzvü Jutta Urpilainen Dakarda jurnalistlərə açıqlama verib. Urpilainen, Seneqal hökumətinin tələbi ilə Aİ-nin bu ölkədən Avropaya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün 30 milyon avroluq dəstək paketini təsdiq etdiyini açıqlayıb.
Avropa İttifaqı (Aİ) Avropaya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Seneqala 30 milyon avro dəstək verəcəyini açıqlayıb.
Aİ Komissiyasının beynəlxalq tərəfdaşlıqdan məsul üzvü Jutta Urpilainen bildirib ki, dəstək Seneqal hakimiyyətinin miqrantlara kömək etmək və insan alveri ilə mübarizə imkanlarını gücləndirmək üçün istifadə olunacaq. Aİ hal-hazırda Seneqalın qeyri-qanuni miqrasiya ilə mübarizəsinə töhfə vermək üçün 5,75 milyon avroluq layihəni maliyyələşdirir.
Atlantik okeanı sahilində yerləşən Seneqal Avropanın Afrikaya ən yaxın ərazisi olan İspaniyanın Kanar adalarına qeyri-qanuni yollarla keçmək istəyənlərin əsas çıxış nöqtələrindən biridir. Seneqallılarla yanaşı, qonşu ölkələrdən gələn mühacirlər də Kanar adalarına çatmağa çalışırlar.
Avropaya çatmağa çalışan 5 mindən çox insan həyatını itirib
İspaniyanın Caminando Fronteras qeyri-hökumət təşkilatı ilin əvvəlindən mayın 31-dək Afrikadan qeyri-qanuni yollarla Avropaya getməyə çalışan 5054 nəfərin öldüyünü və ya itkin düşdüyünü açıqlayıb. Təşkilat bu rəqəmin ötən ilin eyni dövründə qeydə alınandan xeyli yüksək olduğuna diqqət çəkərək, hər gün orta hesabla 33 nəfərin itkin düşdüyünü və ya həyatını itirdiyini vurğulayıb.