Prezidenti Ram Çandra Paudel Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Nepalı təmsil edəcək.
Kommersant.az xəbər verir ki, bunu Nepalın meşə təsərrüfatı və ətraf mühit naziri Ayna Bahadur Şahi Takuri (Aina Bahadur Shahi Thakuri) brifinq zamanı deyib.
Nazir vurğulayıb ki, COP29-da yüksək səviyyəli nümayəndə heyətinin iştirakı Nepalın beynəlxalq müstəvidə iqlim dəyişiklikləri probleminin həllinə bağlılığını əks etdirir.
Nazirlikdə keçirilən mətbuat konfransında o, COP29-a hazırlıq çərçivəsində hökumətin geniş miqyasda aparılan hazırlıqları, o cümlədən, infrastrukturun inkişafı, milli komitələrin yaradılması və siyasət rəhbərliyinin hazırlanması barədə məlumat verib.
Nepalın proqramı dağlıq bölgələrdə bioloji müxtəlifliyin qorunmasına, təbii fəlakətlərlə mübarizəyə və iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsinə yönələcək, eyni zamanda, nazirlik iqlim dəyişikliyinə uyğunlaşma fondunun aparıcı təsisatı olaraq təyin ediləcək.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.