ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Meksikadan təxminən 2500 nəfərlik yeni mühacir karvanının yola düşdüyü bildirilib.
Meksika mətbuatının məlumatına görə, ölkənin cənubundakı Çiapas ştatının Tapaçula şəhərindən yürüş edən minlərlə mühacir ABŞ-ın yeni prezidenti vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istəyir.
Miqrasiya müşahidəçisi Luis Rey Garcia mətbuata verdiyi açıqlamada təxminən 2500 immiqrantın ABŞ sərhədinə çatmaq üçün yola düşdüyünü və bu rəqəmin arta biləcəyini bildirib.
Mühacirlərin əksəriyyətinin Çin, Peru, Ekvador, Venesuela, Kolumbiya, Honduras, Salvador, Qvatemala və Haitidən olduğu qeyd edilib.
İspaniyanın EFE agentliyinə açıqlama verən Venesuelalı mühacir Ehison Diaz ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi ehtimalına diqqət çəkərək, "Tapaçuladan ayrılanların çoxu Trampın qalib gələ biləcəyi qorxusu ilə yola çıxdılar. Tramp qalib gəlsə, ABŞ-a girmək xəyallarımız tamamilə bitə bilər” dedi.
Honduraslı mühacir Nelson Mejia da yeni prezident ABŞ-da vəzifəyə başlamazdan əvvəl sərhədi keçmək istədiklərini vurğulayaraq, Meksika rəsmilərindən onlara mane olmamalarını istəyib.