USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub - FOTO

21.12.2024 Siyasət
0 0
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Kommersant.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.

Qeyd edək ki, Vüsal Aslanov 2016-cı ilin iyulun 20-dən "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006 illərdə hərbi xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 2015–2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib.

Evlidir, 3 övladı var.