USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim edib

24.02.2025 Siyasət
0 0
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2024-cü il üzrə məruzəsi hazırlanıb.

Kommersant.az xəbər verir ki, il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir. İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Ombudsmanın ötən il üzrə məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2025-ci ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.

2024-cü il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcəkdir.