Müəssisələrdəki sıxlıq problemi tibbi müayinə və müalicədə gecikmə hallarına da səbəb olur.
Kommersant.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, 2024-cü il ərzində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilmiş məhkumların və təqsirləndirilən şəxslərin ilkin müayinələrdən (rentgen, laborator, USM) keçirilməsi və aidiyyəti üzrə müalicə şöbələrinə köçürülməsi əsas etibarilə 3-4 gün çəkib.
“Müayinəsi yekunlaşmış bəzi məhkumların köçürüləcəkləri şöbələrdə mövcud olan sıxlıq səbəbi ilə bir müddət müəssisənin qəbul şöbəsində saxlanılması ciddi narahatlıq doğuran məqamlardandır.
Müəssisədə Kompüter Tomoqrafiyası (KT) və Maqnit-Rezonans Tomoqrafiyası (MRT) müayinələrinin həyata keçirilməsi üçün müvafiq avadanlıqların olmaması xüsusi vurğulanmalıdır. Təcili MRT, KT, biopsiya kimi müayinələrə ehtiyac duyulan xəstələrin həmin müayinələrdən digər tibb müəssisələrində keçirilməsi işinin təşkilində də ləngimələr müşahidə olunur.
Məsələn, 19.04.2024-cü il tarixdə Müalicə Müəssisəsinə daxil olmuş, 22.04.2024-cü il tarixdə isə kəskin radikulopatiya diaqnozu ilə həmin müəssisənin nevrologiya şöbəsinə göndərilmiş məhkuma MRT müayinəsindən keçiriləcəyi barədə məlumat verilsə də, 22.05.2024-cü il tarixə qədər zəruri tədbirlər görülməyib.
Sıxlıq probleminin tibbi xidmətlərə çatımla bağlı mənfi təsirlərinin aradan qaldırılması məqsədilə, xüsusən də istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının çox olması nəzərə alınaraq həm tibbi heyət, həm də dərman və digər tibbi ləvazimatların müəssisənin saxlanma limitinə deyil, saxlanılan şəxslərin faktiki sayına uyğunlaşdırılması zəruridir”, - deyə məruzədə qeyd edilib.