ABŞ prezidenti Donald Trampın cümə günü prezident Vladimir Zelenski ilə Oval kabinetdə mübahisəsindən sonra ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilir. Tramp və Zelenski arasında Ağ Evdə keçirilməsi planlaşdırılan nadir metallar üzrə sazişdən əvvəl qızğın mübahisə olub. Avropa liderləri tərəfindən dəstəklənən Zelenski, sadəcə sülh razılaşması ilə kifayətlənməyəcəklərini söyləyib.
ABŞ mətbuatına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı daha əvvəl yayılan xəbərləri təsdiqləyiblər.
Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar.
Ağ Ev rəsmisi CNN-ə deyib: "Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qaldığını görmək istəyirik. Biz yardımımızı onun həllə töhfə verəcəyinə əmin olmaq üçün dayandırırıq".
Digər bir rəsmi isə dayandırmanın Ukraynaya hələ çatmamış bütün hərbi texnikaya şamil ediləcəyini bildirib.
Bəzi rəsmilər həmçinin bildiriblər ki, Tramp cümə günü mübahisədən sonra Zelenskidən açıq üzr istəyəcək, lakin Ukrayna prezidentinin belə bir addım atmaması da qərarda rol oynayıb.